YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

MTK borca görə işığı, suyu kəsə bilər? — Açıqlama

MTK borca görə işığı, suyu kəsə bilər? — Açıqlama

Çoxmənzilli yaşayış binalarında sakinlərlə Mənzil-Tikinti Kooperativləri (MTK) və komendantlar arasında xidmət haqlarının ödənilməsi ilə bağlı mübahisələr tez-tez gündəmə gəlir. Bəzi hallarda aylıq kommunal və bina xidmətləri üzrə ödənişləri gecikdirən sakinlərə işıq və su təchizatının dayandırılacağı ilə bağlı xəbərdarlıq edilir. Bu isə mənzil sahibləri arasında narazılığa və hüquqi mübahisələrə səbəb olur.

MTK və ya komendant sakin xidmət haqqını ödəmədikdə onun işığını və ya suyunu kəsə bilərmi? Ümumiyyətlə, MTK-nın belə bir səlahiyyəti varmı və sakin bu hədə ilə üzləşdikdə hara müraciət etməlidir?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən novator memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, MTK-nın xidmət haqqına görə sakinin işığını və suyunu kəsməsi qanunsuz müdaxilədir.

MTK borca görə işığı, suyu kəsə bilər? — Açıqlama

Onun sözlərinə görə, mənzil-tikinti kooperativinin və ya bina komendantının sakin tərəfindən aylıq xidmət haqqının ödənilməməsini əsas gətirərək onun elektrik və su təchizatını özbaşına dayandırmaq səlahiyyəti yoxdur:

"Burada iki anlayışı fərqləndirmək lazımdır ki, binanın saxlanılması üçün ödənilən xidmət haqqı və faktiki istehlak edilən kommunal xidmətlərin ödənişi. Liftin istismarı, ümumi sahələrin təmizliyi, mühafizə və digər xidmətlər üçün ödənişlər qanuni əsaslarla tələb oluna bilər. Lakin həmin ödənişlərlə bağlı borcun yaranması MTK-ya sakinin əsas kommunal xidmətlərini kəsmək hüququ vermir. Elektrik və su təchizatının dayandırılması yalnız qanunvericilikdə müəyyən edilmiş əsaslarla və səlahiyyətli təchizatçı tərəfindən həyata keçirilə bilər. Komendantın şəxsi qərarı və ya MTK-nın daxili göstərişi buna hüquqi əsas sayıla bilməz. Əgər sakin xidmət haqqını ödəmirsə, idarəedici təşkilat borcun əsasını sənədlərlə təsdiqləməli, qanuni tələb və zərurət olduqda məhkəmə qaydasında ödənişin tutulmasına nail olmalıdır. Kommunal xidmətləri təzyiq vasitəsinə çevirmək yolverilməzdir.

Belə halla qarşılaşan vətəndaş ilk növbədə MTK-dan yazılı izahat tələb etməli, kommunal təchizatçıya rəsmi müraciət etməli, qanunsuz müdaxilə və təhdid hallarında isə aidiyyəti dövlət qurumlarına və zərurət olduqda məhkəməyə üz tutmalıdır. Çoxmənzilli binaların idarə olunmasında şəffaf müqavilələr, əsaslandırılmış xidmət haqları və sakinlərin hüquqlarına hörmət əsas prinsip olmalıdır. Mənzil sahibinin xidmət borcu ola bilər, amma bu, komendanta onun yaşayış şəraitini məhdudlaşdırmaq səlahiyyəti vermir. MTK binanı idarə edə bilər, lakin vətəndaşın kommunal təminatı üzərində özbaşına hakimiyyət qura bilməz".