YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Həddindən artıq üzr istəyənlərin əsl məqsədi nəzakət deyil

Həddindən artıq üzr istəyənlərin əsl məqsədi nəzakət deyil

Daim üzr istəyən insanlar əslində nəyi gizlədir? Psixoloqlar bildirirlər ki, hər fürsətdə üzr istəmək sadəcə nəzakət əlaməti olmaya bilər. Bu davranışın arxasında rədd edilmək qorxusu, özünü başqalarına yük hesab etmək və qəbul olunmaq ehtiyacı dayanır.

Rush Universitetinin tədqiqatçısı Christie Lawrence-in açıqlamalarına görə, həddindən artıq üzr istəyən insanlar çox vaxt qarşı tərəfi incitməkdən deyil, öz varlıqlarının başqalarına narahatlıq yaratmasından ehtiyat edirlər.

Mütəxəssislərin diqqət çəkdiyi bu davranışın təməli çox vaxt uşaqlıq illərində qoyulur. Ailədə, məktəbdə və sosial mühitdə sakit, problem yaratmayan, hər kəsə uyğunlaşan uşaqların daha çox təqdir edilməsi onların gələcək davranışlarına təsir göstərə bilər.

Belə insanlar böyüdükdən sonra da hər hansı ehtiyaclarını bildirməzdən əvvəl üzr istəməyə meyilli olurlar. Hətta kömək istəmək, fikrini bildirmək və ya şəxsi seçim etmək belə onlar üçün özlərini günahkar hiss etməyə səbəb ola bilər.

Üzr istəmək müvəqqəti rahatlıq yaradır

Psixoloq Gregory Chasson bu cür davranışı təhlükəsizlik davranışı ilə əlaqələndirir. Onun yanaşmasına görə, insan üzr istədikdən sonra müvəqqəti rahatlıq hiss edir. Bu rahatlıq isə eyni davranışın təkrarlanmasını gücləndirə bilər.

Nəticədə insan ağladığına, xəstələndiyinə, fikrini dəyişdiyinə və ya kimdənsə kömək istədiyinə görə belə üzr istəməyə başlayır.

Psixoloqlar nə etməyi tövsiyə edir?

Mütəxəssislər hər vəziyyətdə üzr istəmək əvəzinə, bəzi hallarda təşəkkür etməyi və istəkləri birbaşa ifadə etməyi tövsiyə edirlər.

Məsələn, "Sizi gözlətdiyim üçün üzr istəyirəm" əvəzinə "Gözlədiyiniz üçün təşəkkür edirəm" demək daha uyğun ola bilər.

Wharton Məktəbində bu mövzu ilə bağlı araşdırmalar aparan psixoloq Maurice Schweitzer isə həddindən artıq və avtomatik üzr istəməyin insanı ünsiyyətdə daha aşağı mövqeyə sala biləcəyinə diqqət çəkir.

Mütəxəssislərin fikrincə, səhv etmək və kiməsə zərər vermək üzr istəməyi tələb edə bilər. Lakin kömək istəmək, fərqli düşünmək, şəxsi sərhədləri qorumaq və müəyyən təklifə "yox" demək kobudluq deyil.

Əsas mesaj isə budur: İnsan başqaları tərəfindən qəbul olunmaq üçün öz ehtiyaclarına və seçimlərinə görə daim üzr istəməli deyil.

NE
Nihadə Eyyubova