Hörmüz boğazında dəniz minalarına düşən daha iki tankerdə güclü partlayış baş verib. Gəmilərin Tehranın müəyyən etdiyi marşrutdan kənar istiqamətdə hərəkət etdiyi bildirilir.
Demokrat.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, son bir neçə saat ərzində boğazda icazəsiz cənub marşrutu ilə hərəkət edən iki tanker dəniz minalarına toxunaraq güclü partlayışlara məruz qalıb.
SEPAH-ın iddiasına görə, gəmilər ABŞ-nin köməyi ilə boğazdan keçməyə çalışarkən transponderlərini söndürüblər. Minalarla toqquşmadan sonra tankerlərdə yanğın başlayıb.
Məlumata əsasən, gəmilərdən biri 2 milyon bareldən çox neft daşıyan supertankerdir. Yanğından sonra onun boğazın cənub hissəsində batdığı iddia olunur.
SEPAH gəmiçilik şirkətlərinin rəhbərlərinə, tanker sahiblərinə və ekipaj üzvlərinə də xəbərdarlıq edib. Qurum qadağan olunmuş zonadan istifadə edən gəmilərin mina partlayışı təhlükəsi ilə üzləşə biləcəyini bildirib.
SEPAH daha əvvəl də Oman yaxınlığından keçən cənub gəmiçilik marşrutunun təhlükəli olduğu barədə xəbərdarlıq edib və Hörmüz boğazının İran Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu bəyan edib.


