YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Saç qırılmasına səbəb olan 6 əsas səhv

Saç qırılmasına səbəb olan 6 əsas səhv

Saçların sağlam və parlaq görünməsinə mane olan əsas problemlərdən biri saç tellərinin zəifləyərək qırılmasıdır. Gündəlik qulluq zamanı yol verilən bəzi səhvlər saçın təbii quruluşuna zərər vuraraq qırılma prosesini sürətləndirə bilər.

Mütəxəssislər saçların qırılmasına səbəb olan bir sıra yanlış vərdişlərə diqqət çəkirlər.

1. Yaş saçları sərt daramaq

Yaş saçlar suyu daha çox mənimsədiyindən elastikliyi artır və mexaniki təsirlərə qarşı həssaslaşır. Bu vəziyyətdə saçları sərt şəkildə daramaq tellərin qopmasına və qırılmasına səbəb ola bilər.

2. Fen aparatından yüksək temperaturda istifadə etmək

Fen aparatının yüksək istilik rejimində işlədilməsi saçın nəmini itirməsinə, qurumasına və zəifləməsinə gətirib çıxarır. İstilik zərərini azaltmaq üçün saçları orta temperaturda və fenlə müəyyən məsafə saxlayaraq qurutmaq tövsiyə olunur.

3. Saçları çox sıx yığmaq

Saçları daim sıx at quyruğu və ya topuz şəklində yığmaq tellərə davamlı gərginlik yaradır. Bu vərdiş saçların xüsusilə yığıldığı nahiyələrdə qırılmaya, uzun müddət davam etdikdə isə dartılma nəticəsində saç itkisinə səbəb ola bilər.

4. Saçları dəsmalla sərt sürtmək

Duşdan sonra saçları dəsmalla sürətlə və güclü şəkildə ovmaq tellər arasındakı sürtünməni artırır. Nəticədə saçın xarici qoruyucu təbəqəsi zədələnə və qırılmalar yarana bilər. Bunun əvəzinə artıq suyu yumşaq dəsmalla ehtiyatla almaq məsləhətdir.

5. Saç düzləşdirici və buruq aparatlarından tez-tez istifadə etmək

Düzləşdirici və maşa kimi yüksək temperaturla işləyən cihazlar saçın protein quruluşuna zərər verə bilər. Bu vasitələrdən tez-tez istifadə saçın qurumasına, elastikliyini itirməsinə və qırılmasına şərait yaradır.

6. Saçları kimyəvi prosedurlara həddindən artıq məruz qoymaq

Saç boyası, açıcı və perma kimi kimyəvi prosedurlar saç telinin quruluşunu dəyişdirərək qoruyucu təbəqəsinə zərər verə bilər. Bu prosedurların qısa fasilələrlə təkrarlanması saçın davamlılığını azaldır və qırılmaları artırır.

Saç qırılmasının qarşısını necə almaq olar?

Saçların qırılmasını azaltmaq üçün gündəlik qulluq vərdişlərinə diqqət yetirmək, saç tipinə uyğun vasitələr seçmək və kimyəvi prosedurlar arasında kifayət qədər vaxt saxlamaq vacibdir. Həmçinin yüksək istilikdən və saçlara həddindən artıq mexaniki təsirdən uzaq durmaq tövsiyə olunur.

Qeyd edək ki, saç qırılması ilə saç tökülməsi fərqli problemlərdir. Qırılma zamanı saç telləri müxtəlif uzunluqlarda qopur, tökülmə zamanı isə saç kökündən ayrılır.

NE
Nihadə Eyyubova