YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Makaronların fərqli formalarda hazırlanmasının səbəbi bəlli oldu

Makaronların fərqli formalarda hazırlanmasının səbəbi bəlli oldu

Makaronların müxtəlif formalarda istehsal edilməsi təsadüfi deyil. Onların hər birinin özünəməxsus xüsusiyyəti var və forma seçimi yeməyin dadına, xüsusilə də istifadə olunan sousun makaronla necə birləşməsinə təsir göstərir.

Demokrat.az xəbər verir ki, makaronların forması onların hansı souslarla daha yaxşı uyğunlaşdığını müəyyənləşdirir. Bəzi növlər sousu üzərində saxlayır, digərləri isə xüsusi quruluşu sayəsində onu daxilində toplayır.

Uzun makaronlar sousun növünə görə seçilir. İtaliya mətbəxinin ən məşhur makaron növlərindən olan spagetti əsasən duru və pomidor əsaslı souslarla təqdim edilir. Spagettiyə bənzəyən linguine isə yastı forması ilə fərqlənir. Daha geniş səthə malik olduğu üçün qaymaqlı və dəniz məhsulları ilə hazırlanan yüngül souslarla yaxşı uyğunlaşır. İçərisi boyunca dəlik olan bucatini isə daha qatı, ətli souslarla istifadə edilir. Sousun bir hissəsi makaronun daxilinə dolaraq yeməyin dadını artırır.

Penne və rigatoni qatı souslar üçün nəzərdə tutulub. Penne makaronunun kəsilmiş ucları və üzərindəki xətlər onun əsas xüsusiyyətlərindəndir. Bu xətlər pomidor və tərəvəz əsaslı qatı sousların makaronun üzərində daha yaxşı qalmasına kömək edir. Rigatoni də boru formasında hazırlanır, lakin penne ilə müqayisədə daha böyük və düz kəsilmiş olur. Bu növ xüsusilə iri tərəvəz parçaları olan souslarla uyğunlaşır.

Burulmuş makaronlar sousu özündə saxlayır.Vintə bənzəyən fusilli makaronunun burulmuş quruluşu ət parçaları olan qatı sousların onun arasında qalmasına imkan verir. Dəniz qabığı formasında hazırlanan conchiglie və qulağa bənzəyən orecchiette isə çökək quruluşu sayəsində tərəvəzli və qatı sousları daha yaxşı saxlayır. Kəpənək formasında olan farfalle də sousu üzərində saxlamaq xüsusiyyətinə malikdir. Bu səbəbdən ondan soyuq makaron salatlarının hazırlanmasında da geniş istifadə olunur.

Yumurtalı makaronlar ətli və pendirli souslarla daha uyğundur. Yumurtadan hazırlanan tagliatelle xüsusilə İtaliyanın şimal bölgələrində məşhurdur. Bu makaron növü Bolonez sousu ilə ənənəvi şəkildə təqdim olunur. Pendirli və kərə yağlı souslarla da yaxşı uyğunlaşır. Daha geniş lent formasında olan pappardelle isə əsasən göbələk və ov əti ilə hazırlanan qatı souslarla istifadə edilir. Onun geniş səthi sousun və iri ərzaq parçalarının makaronun arasında qalmasına şərait yaradır. Beləliklə, makaronların fərqli formalarda istehsal olunması yalnız görünüşlə bağlı deyil. Hər bir forma sousun daha yaxşı saxlanılması və yeməyin dadının tamamlanması üçün xüsusi xüsusiyyətlərə malikdir.