YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür.

Demokrat.az xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçün bir neçə məqama diqqət yetirmək lazımdır.

İlk növbədə, dolmalar qazana aralarında boşluq qalmayacaq şəkildə sıx düzülməlidir. Bu, bişmə zamanı onların yerindən tərpənməsinin və dağılmasının qarşısını alır. Eyni zamanda, yarpağın içinə həddindən artıq içlik qoymaq məsləhət görülmür. Çünki düyü bişdikcə şişir və dolmanın açılmasına səbəb ola bilər.

Digər üsul isə dolmaların üzərinə boşqab qoymaqdır. Bunun üçün qazana düzülmüş dolmaların üzərinə limon suyu, su və zeytun yağı əlavə edilir. Daha sonra tərs çevrilmiş boşqab yerləşdirilir. Boşqabın üzərinə ağırlıq qoyulması dolmaların bişərkən açılmasının və suyun üzərinə qalxmasının qarşısını alır.

Dolmalar bişdikdən sonra boşqab götürülür. Yeməyi süfrəyə verməzdən əvvəl 20-30 dəqiqə dincəltmək tövsiyə olunur. Bu müddət ərzində dolmalar qalan suyu özünə çəkir və dadı daha yaxşı oturuşur.

Əgər yarpaq dolması sobada hazırlanırsa, bu zaman yağlı kağızdan istifadə etmək məsləhət görülür. Sobaya qoyulacaq dolmaların üzərinə əlavə yarpaq düzülür, daha sonra qab əvvəlcə yağlı kağız, ardınca isə folqa ilə örtülür.

Dolmalar bişdikdən sonra folqa götürülür, yağlı kağız isə yemək tam soyuyana qədər üzərində saxlanılır. Bu üsul üst qatda yerləşən dolmaların qurumasının qarşısını almağa kömək edir.