Evdə dərs deyənlər nə qədər vergi ödəməlidir? — Hüquqşünas açıqladı

CƏMİYYƏT 22 sentyabr 2026, 13:00
Evdə repetitorluq edən şəxslərin fəaliyyətinin necə rəsmiləşdirilməsi və hansı vergi öhdəliklərinin yaranması maraq doğurur. Xüsusilə fərdi qaydada dərs deyən şəxslərin VÖEN almasının vacibliyi, fəaliyyət üçün hər hansı icazənin tələb olunub-olunmaması və əldə edilən gəlirin necə vergiyə cəlb edilməsi suallara səbəb olur.

Evdə fərdi qaydada repetitorluq fəaliyyəti göstərmək üçün hansı hüquqi tələblər var?   

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda evdə fərdi qaydada repetitorluq fəaliyyəti göstərilməsi sahibkarlıq fəaliyyəti kimi rəsmiləşdirilməlidir.

Onun sözlərinə görə, bu fəaliyyətlə məşğul olan şəxs dərs deməyə başlamazdan əvvəl vergi uçotuna alınaraq VÖEN əldə etməlidir:

“Fərdi qaydada repetitorluq üçün ayrıca lisenziya və ya xüsusi icazənin alınması, bir qayda olaraq, tələb olunmur; belə fəaliyyət təhsil müəssisəsinin yaradılması ilə eyniləşdirilməməlidir. Repetitorluq fəaliyyətindən əldə olunan gəlir seçilmiş vergitutma rejiminə uyğun olaraq vergiyə cəlb edilir. Əhaliyə repetitorluq xidməti göstərən fərdi sahibkar üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər daxilində sadələşdirilmiş vergi rejiminin tətbiqi mümkündür və bu halda vergi əldə olunan hasilatın 2 faizi məbləğində hesablanır”. 

Hüquqşünas qeyd edib ki, vergi öhdəliyindən əlavə, fərdi sahibkarın məcburi dövlət sosial sığorta haqqı ödəmək öhdəliyi də yaranır:

“Beləliklə, evdə fərdi repetitorluq fəaliyyətinin qanuni aparılması üçün əsas tələb vergi uçotuna alınmaq, VÖEN əldə etmək və yaranan vergi və sosial sığorta öhdəliklərini vaxtında yerinə yetirməkdir”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top