Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

KRİMİNAL 22 sentyabr 2026, 13:30
Biləsuvar rayonunda şadlıq sarayında dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Biləsuvar rayonu, H.Əliyev küçəsində yerləşən “Şəfa” şadlıq sarayında baş verib.

1993-cü il təvəllüdlü Aslan şadlıq sarayında insanların çoxluq təşkil etdiyi ictimai yerdə, zərərçəkmiş Nərimanın (adlar şərtidir – red.) onun mahnı sifarişi verməsinə mane olmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ona nalayiq sözlərlə təhqir edib, bir dəfə sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq ona xəsarət yetirib.

Aslanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən gün spirtli içkinin təsiri altında olduğundan heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin burun nahiyəsindən yumruq vurub:

“Hazırda əməlimdən çox peşmanam. Zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişəm”.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Aslana 1 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, həmçinin Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top