Uşağın sarı saçları niyə qəfil tündləşir? — Alimlər səbəbini açıqladı

MARAQLI 22 sentyabr 2026, 13:49
Valideynlər tez-tez uşaqlarının sarı saçlarının illər keçdikcə şabalıdı, hətta qara rəngə çevrildiyini müşahidə edirlər. Bu, göz yanılması deyil, irsiyyət, hüceyrə siqnalları və hormonal dəyişikliklərin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir. 

Demokrat.az
xəbər verir ki, bu barədə "Live Science" yazır.

Saçın rəngini saç follikullarında əmələ gələn melanin adlı xüsusi piqment müəyyən edir. Melanin iki əsas növə bölünür: tünd rəngli eumelanin və açıq-qırmızı rəngli feomelanin. Orqanizm nə qədər çox tünd piqment istehsal edirsə, saçın rəngi də bir o qədər tünd olur.

Uşaqlıq dövründə bu proses sabit xarakter daşımır və saçın son rəngini əsasən genlər müəyyən edir.

"Dəyişikliklərin hamısı genetik irsiyyətdən asılıdır", deyə Dublin Universitet Kollecinin dermatologiya professoru Desmond Tobin bildirib.

Saçların ən nəzərəçarpacaq dərəcədə tündləşməsi yeniyetməlik dövründə – təxminən 10-13 yaş arasında baş verir. Məhz bu mərhələdə estrogen və androgen kimi hormonların səviyyəsində dəyişikliklər baş verir və onlar saç follikullarının daha çox tünd piqment istehsal etməsinə səbəb olur.

Ömür boyu sarışın olaraq qalan insanlar isə genetik olaraq daha az miqdarda tünd piqment istehsal etməyə proqramlaşdırılıblar.

Bununla belə, bu reaksiyanın dəqiq mexanizmi elmə hələ tam məlum deyil. Yagellon Universitetinin insan piqmentasiyası üzrə tədqiqatçısı Voytsex Braniçkinin ehtimalına görə, DNT-dəki fərqlər səbəbindən iki uşağın orqanizmi hormonal dəyişikliklərə fərqli reaksiya verə bilər.

Bəzi uşaqlarda saç follikulları daha çox piqment istehsal etməyə başlayır, digərlərində isə follikullar hormonal dəyişikliklərə demək olar ki, reaksiya vermir.

"İnsan genomundakı variasiyaların tədqiqi kifayət qədər inkişaf edib, lakin bütün məqamları izah etmək hələ də mümkün olmayıb", deyə Braniçki yekunlaşdırıb.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top