“Vahid məktəbli formasının əsas hədəf və məqsədi təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətinin formalaşdırılmasıdır. Əsas məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşmasıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədovun sözlərinə görə, məktəb mühitində birmənalı olaraq bərabərlik təmin olunmalıdır:
“Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq, hər bir uşaq eyni şərtlərdə təhsil almalı və eyni imkanlara malik olmalıdır. Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Yəni dünyəvi təhsil mühitində məktəb bütün şagirdlər üçün neytral və inklüziv olmalıdır. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət etməli, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərməlidir. Uşaqların eyni parta arxasında olarkən bir-birindən seçilməməsi onların psixologiyasında da mühüm rol oynayır. Eyni zamanda, bu, şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısının alınmasına, həmçinin ayrı-seçkilik risklərinin azaldılmasına imkan yaradır”.
Deputat əlavə edib ki, geyim məcəlləsinə əməl olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə də töhfə verəcək:
“Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə də dəstək verən vasitə kimi dəyərləndirilə bilər. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir. Burada hansısa ayrı-seçkilikdən və ya fərqlənmədən söhbət gedə bilməz. Məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Bu, bir fəlsəfə, eyni zamanda adaptasiya məsələsi və prosesidir. Ona görə də hər birimiz bu reallığı və məsələni mütləq şəkildə nəzərə almalıyıq. Məktəbli forması tədris prosesinə və yaş xüsusiyyətlərinə uyğun, rahat və praktiki istifadə prinsipləri əsasında müəyyən edilir. Bir sözlə, deyə bilərik ki, vahid məktəbli formasının əsas hədəf və məqsədi məktəbə aidliyi gücləndirmək, məktəbdə bərabər mühit yaratmaq və eyni zamanda ümumi prinsiplərə və təhsil mühitinə uyğun şəraitin formalaşdırılmasıdır.
Təhsil müəssisəsində fərqlilik yaradan, etik çərçivələrə uyğun olmayan geyimin geyinilməsinə yol verilmir və bu, təhsil mühitinə ciddi mənfi təsir göstərən məsələ kimi qiymətləndirilməlidir”.
Fidan Hacızadə

