Bakıda 61 yaşlı kişi hansı generalın adından dələduzluq edib? — MƏHKƏMƏ

KRİMİNAL 29 sentyabr 2025, 17:10
Vaxtı ilə bir neçə qurumda vəzifədə işləmiş 61 yaşlı İzzət Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, İzzət Kazımov özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək bir neçə nəfərə qarşı dələduzluq edib. 

Zərərçəkmişlərdən kimisinə guya Daxili İşlər Nazirliyində, kimisinə Elm və Təhsil Nazirliyində, kimisinə Fövqəladə Hallar Nazirliyində, kimisinə də Xarici İşlər Nazirliyində geniş əlaqələrə malik olmasına inandırıb. Onlara özünü yaxşı vəzifələrdə işlədiyi üçün geniş dostluq əlaqələrinə malik olan işgüzar və bacarıqlı iş adamı kimi təqdim edib. Vəzifədə olarkən yaxşı dostlar qazandığını, həmin dostluq əlaqələri vasitəsi ilə istənilən işi görmək iqtidarında olduğunu deyib. 

Cinayət işi materiallarından aydın olur ki, İ.Kazımov 1986-1997-ci illərdə Bakı Slavyan Universitetində təhsil üzrə inspektor, 1997-2014-cü illərdə Plan-İqtisad Texnikumunda baş mühasib və direktor müavini, 2018- 2023-cü illərdə isə Daxili İşlər Nazirliyi Baş Mühafizə Xidmətinin Maliyyə İdarəsində mühasib vəzifəsində işləyib.

Törətdiyi cinayət əməlinə görə İzzət Kazımova qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

İstintaq dövründə İ.Kazımov cinayəti özü tək törətdiyini, ələ keçirdiyi pullardan heç kimə vermədiyini deyib. 

Təqsirləndirilən İzzət Kazımov ona elan olunan ittihamla özünü qismən təqsirli bilib. O, sözügen cinayəti qulluq mövqeyindən istifadə etməklə törətmədiyini, həmin dövrdə işləmədiyini deyib:”Səccad Əsgərovu polisə işə qəbul etdirəcəyimi vəd vermişdim. Bunun müqabilində 7 min manat almışdım. Həmçinin tanışımın oğlu Ruslan Salamovu da polisə işə düzəltmək adı ilə 23 min manat almışdım. Hidayət Rəsulovu Fövqaladə Hallar Nazirliyində olan tanışlıq əlaqələrim vasitəsi ilə işə qəbul etdirəcəyini vəd etmişdim, ondan 13 min pul almışdım. Digər tanışımın oğlu Orxan Dünyamalıyev Rusiyada təhsil almışdı, onun diplomunun Təhsil Nazirliyində tanışlarım vasitəsilə təsdiq etdirəcəyimə söz vermişdim və 7 min pul almışdım. Şəki şəhərində Uşaq Bağçasının sabiq müdiri Mətənət xanıma Təhsil
Nazirliyindəki tanışlıq əlaqələrim vasitəsi ilə tutduğu vəzifədə saxladacağımı vəd verib 2024-cü ildə 15 min manat almışam. Əməlimdən peşmanam” – təqsirləndirilən şəxs ifadəsində belə deyib.

İ.Kazımovun toruna saldığı şəxslərin əksəriyyəti övladlarını dövlət işinə düzətmək istəyən valideynlər olub. 

“Atam Rəhim tanışı İzzətin məni Xarici İşlər Nazirliyində işə düzəldəcəyini, yüksək maaş alacağımı dedi. Həmin vaxt heç yerdə işləmirdim. Atam İzzəti tanıdığı üçün düşündüm ki, bizi aldatmaz. Ona görə razılaşdım. İzzət özü də mənimlə telefonda danışıb sənədləşdirmə işləri ilə özünün məşğul olacağını dedi. Atam dedi ki, İzzət bunun üçün 10 min manat istəyir, pulun 5 min manatı əvvəlcədən verilməlidir. 5 min manatı onun bank hesabına göndərdik. Sonradan bir neçə dəfə zəng vurub iş barədə maraqlansaq da İzzət hər dəfə bir bəhanə gətirirdi. Artıq onun hərəkətlərindən şübhələnmişdim. Həmçinin atamın səhhəti ilə bağlı pul lazım olduğu üçün pulu qaytarmağı tələb etdim. İzzət isə dedi ki, pulu guya işi həll edən hansısa “general”a verib, geri alıb özümüzə qaytaracaq. Bir müddət gözlədim, lakin pulu qaytarmadı. Şikayətçiyəm, dəymiş zərərin ödənilməsini tələb edirəm” – zərərçəkmiş ifadəsində belə deyib. 

Digər zərərçəkmişlər də təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, onlara dəymiş zərərin ödənilməsini tələb ediblər. 

Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən, İzzət Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə iş üzrə mülki iddianı qismən təmin edib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 17:13
Top