"Azərbaycanda konstitusiya dəyişiklikləri ehtiyacı artır" — Politoloqdan AÇIQLAMA

GÜNDƏM 29 sentyabr 2025, 18:20
"Azərbaycanda “Konstitusiya və Suverenlik ili” çərçivəsində müəyyən konstitusiya islahatlarının aparılması məsələsi qeyri-rəsmi olaraq ictimaiyyət, media və ekspertlər arasında müzakirə olunur. Ara-sıra bununla bağlı çıxışlara rast gəlinir, lakin bunun nə dərəcədə ciddi və qərarlaşmış dövlət siyasəti olduğunu demək çətindir".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O, bildirib ki, dövlət səviyyəsində "Konstitusiya və Suverenlik ili" elan olunsa da, mütləq olaraq konstitusiya islahatlarının bu il həyata keçiriləcəyini iddia etmək çətindir:

"Ola bilər ki, islahatlar növbəti illərdə baş versin, amma bu il də müəyyən dəyişikliklər edilə bilər. Zaman məsələsi şərti tərəfdir, əsas məsələ konstitusiya islahatlarının məzmunudur. İslahatları zəruri edən amillər arasında ölkədə dövlət idarəçiliyində baş vermiş yeniliklər, icra hakimiyyəti sistemindəki dəyişikliklərin yeni konstitusiyada institutlaşdırılması, icra hakimiyyətləri və prezidentin nümayəndələrinin hüquqi statuslarının konstitusiyaya daxil edilməsi yer alır. Bununla yanaşı, Azərbaycanın suverenliyinin təmin olunması və ölkənin bütün ərazilərini əhatə edən seçki sisteminin tətbiqi də müəyyən dəyişiklikləri labüd edir".

Ekspert bildirib ki, Ermənistanla münasibətlərin işğal faktorunun aradan qaldırılmasından sonra yeni mərhələyə daxil olması, Azərbaycanın xarici siyasət istiqamətlərinin konstitusiyada konkretləşdirilməsi də konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən siyasi şərtlərdən sayılır:

"Bir sözlə, “Konstitusiya və Suverenlik ili” çərçivəsində mütləq islahatların olacağını demək çətin olsa da, ölkədə konstitusiya islahatlarına ehtiyacın olacağı aydındır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top