"İnvestorlar Azərbaycanı müxtəlif sahələrdə perspektivli ölkə kimi dəyərləndirirlər" — Ekspert

GÜNDƏM 29 sentyabr 2025, 18:24
“İnvestorlar Azərbaycanı artıq yalnız enerji ixracatçısı kimi deyil, həm də biznes, texnologiya, logistika, tikinti, turizm, kənd təsərrüfatı və sənaye kimi müxtəlif sahələrdə perspektivli ölkə kimi dəyərləndirirlər”. 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi baxımından olduqca vacib amildir:

“Belə böyük sazişlərin imzalanması üçün hökumətin müəyyən addımlar atması da gözləniləndir. Bu addımlar əsasən investisiya mühitinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi və beynəlxalq tərəfdaşlarla səmərəli danışıqlar aparmaq imkanlarının yaradılması ilə bağlı olacaq. Bu da, şübhəsiz ki, islahatların davam edəcəyini göstərir. Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və tranzit dəhlizləri üzərində yerləşən strateji ölkədir. Bu, ölkənin beynəlxalq əlaqələrdə rolunu daha da artırır. İnfrastrukturun inkişafı, logistika imkanlarının genişlənməsi və bu sahələrə qoyulan investisiyalar xarici investorların diqqətini cəlb edir. Hazırda ölkədə makroiqtisadi sabitlik mövcuddur”. 

O əlavə edib ki, büdcə gəlirləri, valyuta ehtiyatları və xarici borcun həcmi qəbulolunan səviyyədədir:

“Bu amillər də investisiya mühitinə olan marağı artırır. Xarici sərmayələrin artması isə iqtisadi fəallığın yüksəlməsinə, yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər. İnfrastruktur, istehsal, logistika, turizm və digər sahələrdə yeni müəssisələr qurula bilər ki, bu da əmək bazarında əlavə tələbat yaradacaq. Bu proses texnologiyaların transferi üçün də imkanlar yaradır. Zəka bankının formalaşması, müasir texnologiyaların kənd təsərrüfatında tətbiqi, tədarük göstəricilərinin yüksəlməsi və maldarlıq sahəsində yeni texnologiyaların tətbiqi qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin inkişafına xidmət edəcək”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top