40 yaşdan sonra idmanla məşğul olan şəxslərin kardio müayinə keçməsi vacibdir — Həkim XƏBƏRDARLIQ ETDİ

GÜNDƏM 29 sentyabr 2025, 18:05
“49 yaşında sağlam həyat tərzi keçirən bir şəxsin qəfil ürək tutmasından vəfat etməsi çox vaxt gizli ürək-damar xəstəlikləri ilə bağlı olur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında kardioloq Elçin Məmmədov deyib.

O əlavə edib ki,  bir çox insanlarda ateroskleroz yəni damarlarda xolesterin yığıntıları uzun illər simptomsuz inkişaf edir:

“Bu halda damarlarda daralma və ya zəifləmə müşahidə oluna bilər, amma gündəlik həyatda ciddi əlamət verməz. İdman zamanı orqanizmin oksigen tələbatı artır, bu isə ürəyin daha çox işləməsinə səbəb olur. Əgər koronar damarlardan biri qəfil trombla tutulursa, miokard infarktı baş verə bilər. Bəzən belə hallar heç bir xəbərdarlıq simptomu vermədən qəfil ölümə gətirib çıxarır. Digər səbəblərdən biri də ürək əzələsində ritm pozuntularıdır. Stress, genetik faktorlar və ailədə erkən yaşda ürək xəstəliklərinin olması da riskləri artırır. Sağlam həyat tərzi yaşamaq riski azaltsa da, tamamilə sıfırlamır. Bəzən idman zalında ağır yüklənmə, xüsusilə kifayət qədər tibbi müayinədən keçmədən, ürək damar sisteminə əlavə yük gətirir. Belə hallarda gizli qüsurlar üzə çıxır. Ona görə də 40 yaşdan sonra idmanla məşğul olan şəxslərin mütləq kardio müayinə keçməsi vacibdir. Qan təzyiqi, şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanılması da önəmli faktordur. Təəssüf ki, qəfil ürək ölümü sağlam görünən insanlarda belə baş verə bilər və bu, kardiologiyada ən ciddi problemlərdən biridir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 17:13
Top