Zərərçəkmiş Rüfət Səfərovu yalan danışmaqda ittiham etdi — MƏHKƏMƏ

KRİMİNAL 29 sentyabr 2025, 18:34
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərov vəkili Elçin Sadıqovun suallarını cavablandırıb. 

Onun sözlərinə görə, zərərçəkmiş Natiq İmamqulyevdən 60 min manat alması barədə nə şahid ifadələri, nə də ki sübut var: "Burada söhbət 60 min manatdan gedir, 6 manatdan yox. Alqı-satqı olmadan bu qədər pulu adama sənədsiz kim verər?".

Zərərçəkmiş isə təqsirləndirilən şəxsin yalan danışdığını, ona torpaq alqı-satqısı ilə bağlı 60 min manat verdiyini deyib. 

Növbəti proses noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top