YapiKredi Müraciət Forması
Dünya Özəl

Rekord naminə göyə 1,5 milyon şar buraxdılar, şəhər fəlakətlə üzləşdi

Rekord naminə göyə 1,5 milyon şar buraxdılar, şəhər fəlakətlə üzləşdi

1986-cı ildə ABŞ-nin Klivlend şəhərində xeyriyyə məqsədilə təşkil olunan tədbirdə rekord qırmaq üçün təxminən 1,5 milyon helium şarı havaya buraxılıb. Lakin yaxınlaşan fırtına nəticəsində şarlar yenidən şəhərin üzərinə düşüb, hava limanında, yollarda və Eri gölündə axtarış-xilasetmə işlərində ciddi çətinliklər yaranıb.

Demokrat.az xəbər verir ki, "Balloonfest "86" adlanan tədbir Klivlenddə fəaliyyət göstərən "United Way" xeyriyyə təşkilatının ianə toplamaq məqsədilə keçirdiyi kampaniya çərçivəsində təşkil olunub.

Tədbirin hazırlıqları altı ay davam edib. Şəhərin Public Square meydanında 76 metr uzunluğunda, 46 metr enində və üçmərtəbəli bina hündürlüyündə nəhəng konstruksiya qurulub. Əksəriyyəti orta məktəb şagirdləri olan 2 500 könüllü şarları heliumla doldurub.

Əvvəlcə havaya 2 milyon şar buraxılması planlaşdırılsa da, onların sayı 1,4 milyonu ötüb. Kampaniya çərçivəsində uşaqlar hər iki şar üçün bir dollar məbləğində sponsor dəstəyi toplayıblar.

1986-cı il sentyabrın 27-də yaxınlaşan yağış fırtınası səbəbindən təşkilatçılar şarları planlaşdırılandan daha tez, saat 13:50 radələrində buraxmaq qərarına gəliblər. Tədbiri izləmək üçün 100 mindən çox insan toplaşıb. Şarlar şəhərin simvollarından olan Terminal Tower binasının ətrafını bürüyüb və əvvəlki rekordu geridə qoyub. 1988-ci il "Ginnesin Rekordlar Kitabı"nda həmin tədbir zamanı 1 milyon 429 min 643 şarın eyni vaxtda havaya buraxıldığı qeyd edilib.

Şarlar şəhərə geri qayıtdı

Adi şəraitdə heliumla doldurulan lateks şarlar yerə düşənədək tədricən havasını itirir. Lakin həmin gün soyuq hava cəbhəsi və yağışla qarşılaşan şarların çoxu hələ şişkin vəziyyətdə yerə enib. Nəticədə Klivlend və Ohayo ştatının şimal-şərqindəki quru və su əraziləri şarlarla örtülüb. Sonrakı günlərdə onların bir hissəsinin Eri gölünün Kanada sahillərinə çatdığı bildirilib.

Şarların yaratdığı problemlərdən biri Burke Lakefront hava limanında qeydə alınıb. Onların uçuş zolağına düşməsi səbəbindən zolaqlardan biri yarım saat müddətinə bağlanıb. Sürücülərin yolda şarlardan yayınmağa çalışması və ya diqqətlərini göyə yönəltməsi nəticəsində yol-nəqliyyat hadisələri də baş verib.

Geoga dairəsindəki otlaqlardan birinə düşən şarlar isə Luiza Novakovskiyə məxsus ərəb atlarını qorxudub. O, 100 min dollar təzminat tələb edərək "United Way of Cleveland" təşkilatını məhkəməyə verib. Tərəflər sonradan açıqlanmayan şərtlərlə razılığa gəliblər.

İki balıqçının axtarışına da mane oldu

Hadisənin ən ciddi tərəflərindən biri Eri gölündə itkin düşən iki balıqçının axtarışı ilə bağlı olub. Raymond Broderik və Bernard Sulzer sentyabrın 26-da gölə çıxıblar. Tədbir günü onların ailələri itkin düşdükləri barədə məlumat veriblər.

Xilasedicilər balıqçıların 4,9 metrlik qayığını Ecvoter Park dalğaqıranının qərbində tapıblar. Sahil Mühafizəsinin helikopter və xilasetmə qayıqlarının ekipajları suya düşən şarlar səbəbindən əraziyə çatmaqda və gölün səthini müşahidə etməkdə çətinlik çəkiblər. Axtarışlar sentyabrın 29-da dayandırılıb. Balıqçıların cəsədləri daha sonra sahilə çıxıb.

Balıqçılardan birinin həyat yoldaşı təşkilatı və tədbiri təşkil edən şirkəti 3,2 milyon dollar təzminat tələbi ilə məhkəməyə verib. Mübahisə tərəflər arasında açıqlanmayan şərtlərlə həll olunub.

Bununla belə, ABŞ Sahil Mühafizəsinin doqquzuncu bölgəsinin axtarış-xilasetmə proqramının rəhbəri Rocer Rays 2024-cü ildə verdiyi müsahibədə tədbirlə iki balıqçının ölümü arasında əlaqə olmadığını bildirib. Buna görə də şarların axtarışa mane olması faktı onların ölümünün birbaşa səbəbi kimi qiymətləndirilə bilməz.

Beləliklə, dünya rekordu qırmaq və xeyriyyə məqsədilə təşkil edilən tədbir şəhərdə gözlənilməz problemlərə səbəb olub. Üstəlik, xərclərin nəzərdə tutulandan çox olması layihənin maliyyə baxımından da zərərlə başa çatmasına gətirib çıxarıb.

Jalə