Ağsuda 40 yaşlı kişi yeznəsini bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 26 sentyabr 2025, 19:58
Ağsu rayonunda 1985-ci il təvəllüdlü Əbdül şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısını əri Cahidə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2024-cü ilin noyabrın 3-də baş verib. Əbdül həmin gün ə saat 19 radələrində sərxoş halda fərdi yaşayış evinin həyətində olarkən atası Mehmanın əvvəlcədən dəvəti əsasında Şamaxı rayonundan gəlmiş yeznəsi Cahidlə mübahisə edib. 

Mehman təqsirləndirilən şəxsin spirtli içki qəbul edərək ailə üzvləri ilə münaqişə yaradıb, oğlunu danlamasını ilə bağlı tənbeh edib. Bundan əsəbləşən Əbdül “Mercedes” markalı avtomobilinin salonundan götürdüyü xırda buynuzlu heyvanların tüklərinin təmizlənməsi üçün nəzərdə tutulan “qırxılıq” adlanan qayçı ilə Cahidin qarın nahiyəsinə iki dəfə zərbə vurub. 

Hadisəni törədən Əbdülün barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbdül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Cahid onun yeznəsi, yəni bacısının əridir: “Zərərçəkmiş şəxslə heç bir ədavət və ya düşmənçiliyim yoxdur. Oğlum Ərəstun 2024-cü ilin oktyabr ayının sonlarında hərbi xidmətdən qayıtdıqdan sonra çox vaxt babası Fərhadın yaşadığı ünvanda olub, öz evimizə gec-gec gəlib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin noyabrın 3-də Ərəstun babası Fərhadın evində olub: “Mən oğlumun evə gəlməməsindən əsəbləşdim. Həmin gün saat 19 radələrində “Mercedes” markalı avtomobilim ilə atamın yaşadığı ünvana getdim ki, oğlunu danlayıb, öz yaşadığım evə gətirim. Həmin ünvana gedən zaman oğlumun küçədə olduğunu gördüm. Ondan nə üçün evə gəlmədiyini, babasıgildə qaldığını soruşdum və onu danlamağa başladım. Ərəstun isə məndən uzaqlaşaraq babasının həyətinə keçdi. Mən də onun dalınca həyətə keçərək onu yenidən danladım. Həmin vaxt orada atam Fərhad, qardaşım Cəfər və anam Tamara olub. Daha sonra isə anam və qardaşım oğlum ilə birlikdə evə getdilər. Mən isə həyətdə qaldım. Az sonra yeznəm Əbdül, bacım Lalə  və bacım oğlu Lətif gəldilər. Bacım və bacım oğlu gəldikdən sonra evə keçdilər, yeznəm isə mənim yanıma gəldi. O, oğlumu danladığım üçün mənə hirsləndi. Ona nə üçün mənim işimə qarışdığını deyərək irad bildirdim. O, isə mənə nə üçün spirtli içki qəbul etdiyimi, ailədə söz-söhbət yaratdığımı deyərək üstümə gəldi və nalayiq ifadələr işlədərək məni təhqir etməyə başladı. Bundan qəzəblənərək özümə məxsus avtomobilin qabaq sərnişin tərəfdə olan oturacağının altındakı, qoyun heyvanlarının qırxılması üçün nəzərdə tutulmuş qırxılıq adlanan qayçını götürdüm və yeznəmin sağ böyür nahiyəsindən bir dəfə zərbə vurdum. Cahidə zərbə vurduqdan sonra atamın yaşadığı evə tərəf getdi. Mən isə həmin ünvandan çıxdım və öz yaşadığım evə yollandım  Evə gedərkən Ağsu çayının kənarından keçən zaman qayçını çayın kənarında olan kolluğa tulladım”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əbdülün barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilməsini və hökmün dəyişdirilməsini istəyib. 

Bu şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Hakimlər heyəti dövlət ittihamçısının protestini əsaslı saymayıblar, hökm dəyişdirilmədən saxlanılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 20:16
Top