Ağcabədidə qanlı olay: “Kişisənsə gəl, söhbət edək”

KRİMİNAL 25 sentyabr 2025, 17:49
Ağcabədi rayonunda 2002-ci il təvəllüdlü Nahid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Ricaya bıçaqla xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 18-də, gecə saat 02:30-da  rayonun Aşağı Qiyamadınlı kəndinin ərazisində yerləşən, Bəxtiyar adlı şəxsə məxsus çayxananın yaxınlığında baş verib. 

Nahid Ricayın əlində olan ağacla onun bədənin müxtəlif  nahiyələrinə vuraraq ona xəsarət yetirməsindən qəzəblənib. O, qisas almaq məqsədilə üzərində saxladığı bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsinə iki dəfə zərbə vurub.

Hadisəni törədən Nahidin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağcabədi rayonunun Gələbədin kəndində qeydiyyatda olmaqla yaşayır və fərdi təsərrüfatla məşğul olur: “Zərərçəkmiş Ricayı Aşağı Qiyamadınlı kənd sakini və bərbər kimi tanıyıram. Saçımı Ricay qırxır və münasibətlərimiz həmişə yaxşı olub. Sentyabrın 18-də Ricayın dayısı oğlu, özümün də həmkəndlim olan Qurban Musazadənin toy mərasiminin keçirilməsi ilə bağlı hazırlıq işləri görüldü. Bir gün əvvəl, yəni sentyabrın 17-də Qurbanın “ciyar axşamı” məclisi keçirilirdi. Mən və qardaşım Tohit də həmin məclisə dəvətli olunduq. Ricay da həmin məclisdə olub. Məclis Qurbanın yaşadığı evin həyətində çadırda təşkil edilmişdi. Məclis vaxtı yemək yeyib, az miqdarda spirtli içki qəbul etdim. Müəyyən qədər sərxoş vəziyyətində olsam da,  özümü idarə edə bilmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 22 radələrində siqaret çəkmək üçün mağardan bayıra çıxıb: “Aradan bir az keçdikdən sonra Ricayın da arvadı, bacısı və anası ilə birlikdə mağardan çıxardığını, həmçinin Ricayın Tohitin ünvanına nalayiq söyüşlər söydüyünü eşitdim. Yaxınlaşaraq Ricayın yaxasından tutdum və nə səbəbə qardaşımı söydüyünü soruşdum. Ricay da həm mənim, həm də Tohitin ünvanına nalayiq söyüşlər söyməyə davam etdi. Bu vaxt Qurban yaxınlaşaraq toyda narazılıq salmaq lazım olmadığını dedi. Mən heç bir hərəkət etmədən Ricaydan aralaşdım. Ricayın yanında  olan qadınlar da onu apardılar. Həmin vaxt heç bir dava-dalaş olmadı, məclis də davam etdi. Həmin gecə, yəni  sentyabrın 17-dən 18-ə keçən gecə, 1 radələrində məclis yekunlaşdı. Hamı kimi mən də məclisdən çıxaraq evimə getdim. Evə çatdıqdan az sonra küçədə-yolda səs-küy gəldiyini eşitdim. Qardaşım Tohitin isə evə gəlmədiyini gördüm və narahat oldum. Həm də nə baş verdiyini bilmək üçün küçəyə çıxdım, səs-küy gələn tərəfə getdim. Həmin yerə çatanda Tohitin döyüldüyünü, əynində olan paltarlarının palçığa batdığını gördüm. Sonra anam Gülbənizlə birlikdə Tohiti evə gətirdik”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin gün gecə saat 02:30-da Ricay ona zəng edib və “kişisənsə gəl söhbətimizi həll edək” deyib, nalayiq söyüşlərlə onu söhbət etməyə dəvət edib: “Mən də gələcəyimi bildirdim.  Ricayın söhbətə tək gəlməyəcəyini fikirləşdim və özümü müdafiə etmək məqsədi ilə evdən çıxanda mətbəxdə bıçağı da götürərək cibimə qoydum. Sonra Ricayın çağırdığı yerə, yəni Gələbədin kəndi ilə Aşağı Qiyamadınlı kəndlərinin arasında yerləşən kənd çayxanasının yanına getdim. Çayxananın qarşısına çatdım və çayxana bağlı olduğundan işləməyib. Həmin vaxt orada Ricay, Ricayın adını bilmədiyim oğlu, Firidun,  Firidunun qardaşı Namiq və tanımadığım bir-iki nəfər şəxsin dayandığını gördüm. Mən oraya çatanda Firidun həmin şəxslərin yanından aralaşaraq mənə yaxınlaşdı, qardaşım Tohitə görə mənimlə mübahisə etməyə başladı. Bu vaxt Ricay əlində olan ağacla başıma bir dəfə vurdu. Mən  zərbədən yerə yıxıldım. Sonra yerdə olan vaxt Ricay yenidən əlində olan ağacla alnıma, sağ qoluma, sol tərəf kürəyimə zərbələr vurdu. Firidunlə Namiq yaxınlaşaraq Ricayı məndən aralaşdırdılar. Bundan sonra ayağa qalxdım və şalvarımın arxa cibindən bıçağı çıxararaq Ricayın üstünə getdim. Ricay da bunu görərək qaçmağa başladı. Mən da araxadan qaçaraq Ricaya çatdıqdan sonra əlindəki ağacla bir dəfə də onun sağ kürək nahiyəsinə vurdum. Sonra qarın nahiyəsinə bıçaqla vurdum. Daha sonra neçə dəfə vurmağımı bilməmişəm. Əsəbi halda olduğum üçün bıçaqla Ricayı vurmuşam və bıçağın onun  qarnına girdiyini hiss etmişəm. Bundan sonra Ricay yerə yıxıldı. Ricaydan aralaşaraq Firiduna tərəf gəldim. Bu vaxt Namiq bıçağı əlimdən aldı və yaxınlığa tulladı. Ricay isə ayağa qalxaraq oradan getdi. Sonra evimə gəldim. Aradan bir az keçdikdən sonra polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar”. 

İş üzrə zərərçəkmiş Ricayın sözlərinə görə, dayısı oğlu Qurbanın toyu ilə bağlı bir gün əvvəl, yəni sentyabrın 17-də, “ciyar axşamı” məclisi keçirilib: “Mən də ailə üzvlərim ilə birlikdə həmin məclisə dəvətli olmuşam. Həmçinin Nahid və onun qardaşı Tohit də bu məclisdə iştirak ediblər. Qurbanın yaşadığı evin həyətində çadırda təşkil edilmiş məclisdə mən ailəm ilə bir stolda oturmuş amvə yemək yeyib spirtli içki qəbul etmişəm. Lakin sərxoş vəziyyətdə olmamışam. Özüm ailəm ilə birlikdə oturmuşam. Digər stolda isə Nahid, onun qardaşı Tohit və həmkəndliləri əyləşərək ucadan danışıb, gülüblər. Hərdən də nalayiq ifadələr işlətdilər. Bu səbəbdən onlara yaxınlaşaraq aşağı səslə danışmağı və nalayiq sözlər işlətməmələrini dedim. Qurban da onlara iradını bildirdi. Həmin vaxt Tohit yanında əyləşmiş həmkəndlimə məni  göstərdi və Qurbanı öyrətdiyini dedi, nalayiq ifadə işlətdi. Mən də Tohitə nəyə görə onun ünvanına söyüş işlətdiyini soruşdum. Tohit də üstümə gəldi və bizimlə sözlə mübahisə etdi. Sonra bir-birimizin yaxasından tutaraq dartışdıq. Elə bu vaxt anamgil gələrək bizi aralaşdırdı, məni oradan apardılar. Az sonra mağarın bayırında Nahid də yaxalaşaraq nəyə görə qardaşı Tohitlə mübahisə etdiyimi bildirdi. Həm də ünvansız söyüş söyərək mənimlə mübahisə etdi. Lakin aramızda heç bir dava-dalaş olmadı. Sonra evimə getdim”. 

Zərərçəkmiş qeyd edib ki, həmin gün gecə saat 1 radələrində Nahidə zəng edib və niyə görə söyüş söydüyünü soruşub: “Nahid də yenə nalayiq söyüşlər söydü. Mən də aramızda olan mübahisəni aydınlaşdırmaq  üçün kənd çayxanasının qarşısına çağırdım. Sonra oğlum Cəsurla birlikdə Gələbədin kəndi ilə Aşağı Qiyamadınlı kəndlərinin arasında yerləşən Bəxtiyar adlı şəxsin çayxanasının yanına getdim. Mənim Nahidlə söhbət etməyə getdiyini eşitdi. Arxamca dayım Namiq, xalam oğlu Qərib də çayxananın yanına gəldilər. Sonra tanışlarımız olan kənd sakinləri Firidun və qardaşı Namiq də oraya gəldilər. biz orada olan vaxt əvvəl Nahid, sonradan isə qardaşı Tohit və anası Gülbəniz də oraya gəldilər. Həmin yerdə Nahidlə aramızda yenidən mübahisə oldu. Sonda bıçaqlanma olayı baş verdi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top