Deputat: Azərbaycan-Çin əlaqələri qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır

SİYASƏT 01 sentyabr 2025, 16:22
“Çin Xalq Respublikası ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı hələ müstəqilliyin ilk illərində dövlətimizin xarici siyasətində əhəmiyyətli yer tutub. Dövlətimiz tərəfindən hər zaman qlobal müstəvidə böyük gücə malik olan, dünya iqtisadiyyatında xüsusi rol oynayan, çox maraqlı və səmərəli inkişaf modeli yaradan Çinlə əlaqələrin inkişafına mühüm önəm verilib”. 

Bunu Demokrat.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

 O bildirib ki, eyni zamanda böyük güc kimi regionda müəyyən iqtisadi-siyasi maraqları olan, xüsusilə bölgəmizin kommunikasiya potensialına həssas yanaşan Çin də Azərbaycanla münasibətlərin gücləndirilməsinə hər zaman diqqət göstərib:

“Bu münasibətlərin inkişafı Azərbaycan və Çin dövlətlərinin milli maraqları çərçivəsində, bərabərhüquqlu əsaslarla qurulması, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanaraq baş verib. Rəsmi Pekin bir çox dünya güclərindən fərqli olaraq, ədalətli siyasət aparır, prinsipial məsələlərdə haqqın-ədalətin yanında olur, əməkdaşlıq etdiyi ölkələrə  bərabərhüquqlu dost, tərəfdaş kimi yanaşır, münasibətlərdə ikili standartlardan uzaq durur. Bütün bu keyfiyyətlərdə Azərbaycan üçün çox önəmlidir. Elə buna görə də Azərbaycanda Çinin nüfuzu getdikcə güclənir, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri yüksək dəyərləndirilir. Azərbaycan və Çin birlikdə mövcud geopolitik reallıqlardan istifadə edərək yeni sosial-iqtisadi dəyərlər yaratmağa çalışır”. 

Deputat əlavə edib ki, hazırda ölkələrimiz arasında ticarətin həcmi getdikcə genişlənir:

“Həmçinin yeni strateji nəqliyyat marşrutu layihələri bir tərəfdən Azərbaycanla Çin münasibətlərinin daha da inkişafı, digər tərəfdən də böyük sosial-iqtisadi faydalar, regional təhlükəsizlik, sabitlik, dayanıqlı inkişaf üçün mühüm pespektivlər yaradır. Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" ideyası bu strateji layihələr arasında xüsusi yer tutur. Prezident İlham Əliyevin Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının  illik sammiti çərçivəsindəki faydalı görüşləri ölkəmizlə Çin arasında getdikcə inkişaf edən əlaqələrin parlaq təcəssümüdür. Səfər zamanı Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə baş tutan görüşü zamanı iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə genişlənməsi üçün vacib müzakirələr aparılıb”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top