"Biz İlham Əliyevin qarşısını ala bilmədik" — Prezidentin Vaşinqton ZƏFƏRİ

GÜNDƏM 09 avqust 2025, 17:56

2018-ci ilin oktyabr ayında AzTV-nin çəkiliş qrupu Özbəkistanda səfərdə idi. O vaxt televiziyanın Orta Asiya ölkələri üzrə büro rəhbəri kimi mən də Daşkəndə yollanmışdım. 4-7 oktyabrda beynəlxalq “TEFİ-sodrujestvo” festivalında AzTV-nin çəkdiyi film nümayiş olunacaqdı. MDB-nin müxtəlif ölkələrindən, o cümlədən Ermənistandan gələn nümayəndə heyəti də festivala qatılmışdı. Nümayiş olunan hər filmdən sonra jurnalistlərin toplaşdığı zalda müzakirələr aparılır, həmkarlar arasında sıx ünsiyyət yaranırdı. Ermənilər də əvvəlki illərlə müqayisədə bizimlə yaxınlaşmağa cəhd edir, hər sözümüzə qulaq kəsilirdilər. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsindən, ən yaxın keçmişdə – 2016-cı ildə baş verən 4 günlük Aprel döyüşlərindən də danışdıq. Ara qızışdıqca erməni jurnalistlərin də dili açılırdı. Erməni qadın rejissorun qəfildən “İlham Əliyev canımıza elə qorxu salıb ki, hələ də özümüzə gələ bilmirik” deməsi hamının diqqətini onun üzünə yönəltdi. Sonra dalınca birnəfəsə belə dedi: “Dörd gün cəhənnəm əzabı yaşadıq. Hamı gərginləşmişdi. Elə bilirdik, dünyanın sonu gəlib. Rusiya olmasaydı, çoxdan məhv olmuşduq”. Sonra qadının bir anlıq nitqi qurudu. Pərişan halda yenidən fikrini toplayıb emosional şəkildə sözünə davam etdi: “Aprel döyüşləri göstərdi ki, sizin İlham Əliyev dayanmayacaq. Onda bütün ermənilər yalnız bir şey haqqında düşünürdü: İlham Əliyevin qarşısını necə alaq”.

Həmin vaxt bizim çəkiliş qrupumuzun keçirdiyi hissləri isə ifadə eləməyə ehtiyac yoxdur…

Uzun illər xarici ölkələrdə iştirak etdiyim tədbirlərdə, o cümlədən Moskvada çalışdığım dönəmlərdə erməni müxbirlər, operatorlar bizə həmişə yuxarıdan aşağı baxır, eqoları ilə yerə-göyə sığmırdılar. O vaxt bu, bizə nə qədər ağır gəlsə də, özümüzü həqiqətən məğlub və miskin hiss edirdik. Bir növ danışmağa dilimiz yox idi. Çünki ermənilər hər yerdə 1-ci Qarabağ müharibəsində öz ordularının göstərdiyi “şücaət”dən danışır, bizi isə aşağılamağa cəhd edirdilər. Amma 4 günlük Aprel döyüşlərindən sonra hər şey dəyişmişdi. Lələtəpə yüksəkliyinin ələ keçirilməsi, Cocuq Mərcanlı kəndinə qayıdış, Prezident İlham Əliyevin qətiyyətli çıxışları Böyük Zəfərdən xəbər verirdi.

Nəhayət 2020-ci ildə Ali Baş Komandanın əmri ilə bütün Azərbaycan ayağa qalxdı. Rəşadətli Ordumuzun Şanlı Qələbəsi ilə başa çatan müharibə dövlət başçısının dediyi kimi, dərin layları yerindən oynatdı. Dünya güclərinin, Cənubi Qafqazda marağı olan dövlətlərin, xüsusilə imperiya xislətli Rusiyanın dərindən məyusluğu bu qələbəyə təhlükə yaradırdı. Yenə İlham Əliyev qüdrəti, pragmatik və strateji liderlik xüsusiyyətləri ön plana çıxdı.

Qarabağ məsələsində hərbi qələbədən sonra sülh sazişinə yönəlik addımları onu göstərdi ki, Əliyev yalnız hərbi gücə deyil, diplomatik yolla uzunmüddətli sabitlik yaratmağa da önəm verir.

44 günlük Vətən müharibəsində əldə edilən hərbi qələbənin Ağ Evdə siyasi və diplomatik müstəvidə təsdiqi onu göstərdi ki, Əliyev beynəlxalq münasibətləri idarə etmək bacarığına da malikdir. Dünyanın bir nömrəli paytaxtının bir nömrəli ofisində təşkil olunan görüşdəki tarixi razılaşmalar Əliyevin beynəlxalq arenada balanslı siyasətini ortaya qoydu. O, müdrik diplomatik manevrləri ilə Qərb, Rusiya və digər regional oyunçulara yerini göstərdi.

 

ABŞ prezidenti  Donald Trampla apardığı mükalimələrlə dünyanın siyasi düzənində öz rolunu və dəst-xəttini bir daha nümayiş etdirdi.

Donald Tramp: Pakistan və Hindistan arasındakı qarşıdurma ciddi məsələ idi, çünki hər ikisi nüvə silahına malik ölkədir.

İlham Əliyev: Kamboca və Tailand…

Donald Tramp: Bəli, böyük işlər gördük. Siz də həmin işləri görərdiniz. Sizin münaqişə də ciddi məsələdir, nə qədər sürdü döyüşlər – 33, 35 il?

İlham Əliyev: Bəli, münaqişə 1988-ci ildə başlayıb. Lakin hərbi qarşıdurmanın fəal fazası 1991-1992-ci illərdə olub.

Donald Tramp: Lakin münaqişə həll edilmirdi.

İlham Əliyev: Xeyr. Müharibə 1994-cü ildə dayandı və sonsuz danışıqlar dövrü başladı.

Donald Tramp: Bu, çox ciddi bir məsələdir.

İlham Əliyev: Əlbəttə, Siz möcüzəyə imza atdınız.

Donald Tramp: Ancaq mətbuat bunu heç vaxt eşitmək istəmir.

İlham Əliyev: Azərbaycan mətbuatı bunu işıqlandıracaq…

Prezident Donald Tramp: Siz böyük lidersiniz.

Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib.


Donald Tramp: “Siz böyük lidersiniz!” ifadəsi ilə İlham Əliyevin böyük dövlət xadimi kimi dünya miqyasında artan nüfuzunu yenidən təsdiqlədi.


ABŞ prezidenti bilir ki, sülh razılaşması təkcə Ermənistanla münasibətləri normallaşdırmaq deyil, həm də regionda iqtisadi layihələrə töhfə vermək və beynəlxalq müstəvidə yeni mərhələnin əsasını qoymağa xidmət edir.


Bəli, İlham Əliyevin Vaşinqton gedişi onun pragmatik dövlət başçısı, çoxvektorlu diplomatiya ustası və strateji baxışa sahib lider obrazını bir daha gücləndirdi. Doğrudur, müasir Azərbaycan tarixində siyasi liderlərin rolundan danışanda ilk növbədə ümummilli lider Heydər Əliyevin xidmətlərini çox vurğulayırıq. Amma dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin olunması mərhələsindən bəhs edəndə isə əsasən ulu öndərin siyasi kursunu inamla davam etdirən müdrik və qətiyyətli liderdən – İlham Əliyevlə fəxr edirik. Müzəffər Ali Baş Komandanla ona görə qürur hissi keçiririk ki, o, dəyişən beynəlxalq şərait və regional geosiyasət fonunda praqmatik liderlik bacarığı ilə tarixdə əbədi iz qoydu. Məhz buna görədir ki, Əliyevin fəaliyyəti ilə XXI əsr Azərbaycanı siyasi, iqtisadi və hərbi gücünün ən pik nöqtəsini yaşayır.



Çünki gələcək nəsillər Azərbaycan tarixini öyrənəndə məhz bu cümlələri də oxuyacaq: “İlham Əliyev hakimiyyətinin ilk illərində ölkədaxili siyasi sabitliyi qoruyurdusa, paralel olaraq iqtisadi artımı təmin etmək və xarici siyasətdə balanslı kursu həyata keçirməklə dövlət müstəqilliyini də möhkəmləndirdi. Onun işıqlı təfəkkürü ilə milli təhlükəsizlik, enerji siyasəti və hərbi modernizasiya prioritet sahələr kimi müəyyən edildi”.

Bu gün dünyanın ən tanınmış politoloqları, siyasi və ictimai xadimləri İlham Əliyevi xarakterizə edərkən bu yekdil rəyi bildirirlər ki, onun siyasi fəaliyyətinin zirvə nöqtəsi 2020-ci il İkinci Qarabağ müharibəsi ilə bağlıdır. Məhz həmin ildə müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük hissəsini işğaldan azad etdi. Və ən mühümü odur ki, 44 günlük müharibənin nəticəsi ilə qane olmayan İlham Əliyevin nə qədər dönməz iradəyə malik olması üzə çıxdı. Məhz bu iradə nəticəsində 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Qarabağda suverenlik tam bərpa edildi.

Bu mənada Vaşinqton təntənəsi sübut etdi ki, siyasi sabitlik, güclü nizam-intizam, vahid dövlət siyasəti xalqın gələcəyinə yönəlmiş uğurlu idarəetmə üsuludur.

Fadil Paşayev,

əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top