Artıq deyə bilərik ki, sülh təmin olundu — Deputat

GÜNDƏM 09 avqust 2025, 15:36
"Dünən ABŞ Prezidenti Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə sülh müqaviləsinin müzakirəsi üçün baş tutan tarixi görüş iki ölkə arasında sülh istiqamətində atılan addımların ən əhəmiyyətlisi oldu".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O bildirib ki, Ağ Evdə imzalanan Bəyanamə təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir:



"Bu sənəd uzun illər davam edən gərginlikdən sonra bölgədə real sülh perspektivlərinin formalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmasına zəmin yaradır. Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Konstitusiyasından Azərbaycanın suverenliyinə zidd müddəaların çıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsi hər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır.

Amerikada imzalanan Bəyanamə təkcə logistik təhlükəsizliyi deyil, həm də böyük iqtisadi layihələrin icrasını təmin edəcək. Eyni zamanda tərəflər arasında etimadı gücləndirərək bölgədə sabit əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcəkdir. Bəli, dünən Vaşinqtonda əsrin hadisəsi yaşandı. Əslində artıq deyə bilərik ki, sülh təmin olundu və bu, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş verdi".

Deputat bildirib ki, Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı, ABŞ–Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu:

"Artıq iki ölkə arasındakı əməkdaşlıqlar strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair Xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.

Düşünürəm ki, Ağ Ev görüşü zamanı imzalanan Bəyanamə qədər əhəmiyyətli olan hadisə Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması oldu. Bəli, bu 907 saylı düzəliş uzun illər dövlətimizə qarşı ən böyük haqsızlıq idi. Cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinə və xalqına qarşı olan bu haqsızlığı da aradan qaldırdı".

Deputat son olaraq qeyd edib ki, birgə Bəyanamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir:

"Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk qrupunun ləğvi üçün birgə məktub imzalandı. Ermənistan öz Konstitusiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul etdi. İlham Əliyev hər çıxışında deyirdi: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanın qalib lideri Vaşinqtonda bu məqsədinə də nail oldu".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top