Rusiya Xersona hücuma HAZIRLAŞIR — Təxliyyələr BAŞLADI

DÜNYA 07 avqust 2025, 13:53
Rusiya ordusu Xerson şəhərinin infrastrukturuna hücumlarını davam etdirir.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, avqust ayının əvvəlindən bəri Rusiya hərbçiləri Korabel mikrorayonunu hədəfə alaraq bu ərazini şəhərin qalan hissəsi ilə birləşdirən körpünü idarəolunan aviasiya bombaları ilə atəşə tutur.

Xerson Hərbi Administrasiyasının bildirdiyinə görə, zərbələr nəticəsində mülki vətəndaşlar həlak olub.

Hazırda Korabel mikrorayonunda 1 800-ə yaxın sakin qalır.
 
Onların arasında 187 hərəkət qabiliyyəti məhdud şəxs və 31 uşaq var. Körpünün zədələnməsi və humanitar yardımın çatdırılmasındakı çətinliklər səbəbindən yerli hakimiyyət sakinlərə təxliyə olunmaları ilə bağlı çağırış edib.

Davamedən hücumlar fonunda Rusiya komandanlığının Xerson vilayətinin adalar bölgəsində desant əməliyyatı hazırlaya biləcəyi ehtimalları da müzakirə olunur.
 
Ukrayna Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin bildirib ki, Rusiya ordusu adalara kiçik diversiya qruplarını çıxarmağa çalışır. Lakin onun sözlərinə görə, Dnepr çayını genişmiqyaslı keçmək barədə danışmaq hələ tezdir. Voloşin həmçinin Rusiyanın diversiya-kəşfiyyat qruplarının Xerson şəhərinə daxil olması ilə bağlı məlumatları təkzib edib.

Hərbi ekspertlərin fikrincə, Rusiya qüvvələri üçün Dnepr çayını keçərək sağ sahildə möhkəmlənmək son dərəcə çətin bir vəzifə olacaq.

Ukraynalı hərbi ekspert Nikolay Sunqurovski hesab edir ki, indiki şəraitdə desant əməliyyatı ilə çaydan keçməyə cəhd göstərilməsi real görünmür.
 
CNN qeyd edir ki, Xerson və ətraf ərazilər üzərində nəzarəti bərpa etmək Rusiya rəhbərliyinin əsas hədəflərindən biri olaraq qalır. Region genişmiqyaslı işğalın ilk həftələrində Rusiya tərəfindən ələ keçirilmişdi, lakin daha sonra Ukrayna qüvvələri tərəfindən azad olunub.

Bu arada şəhərin dinc sakinləri Rusiya ordusunun artilleriya və dron zərbələrindən əziyyət çəkməyə davam edir. Tibb müəssisələrinin məlumatına görə, Xersonun əsas xəstəxanasında son hücumlar nəticəsində xəsarət almış azı 25 nəfər müalicə alır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top