Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası BMT-yə rəsmi müraciət ünvanladı

XARİCİ SİYASƏT 07 avqust 2025, 15:42

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA - Euro Atlantic Partnership Council of Azerbaijanis) Birləşmiş Millətlər Təşkilatının Baş katibliyinə rəsmi müraciət ünvanlayıb.

Yurd.Media xəbər verir ki, qurumun Baş katibi Sahil Qasımovun imzaladığı müraciətdə EAPCA-nın quruluş tarixi, strukturu və yaranma məramı haqqında geniş məlumat təqdim edilib.

Sənəddə qeyd olunur ki, EAPCA transmilli təşkilat olaraq Avro-Atlantik məkanında fəaliyyət göstərən onlarla diaspor və lobbist təşkilatları tərəfindən təsis edilmiş və Niderland Krallığının rəsmi dairələrində qeydiyyatdan keçərək beynəlxalq status qazanmışdır. 

2024-cü ildə Avropanın siyasi paytaxtı sayılan Brüsseldə təsis edilən EAPCA, qısa müddətdə Azərbaycan həqiqətlərinin Avro-Atlantik məkanında geniş tanıdılmasında əhəmiyyətli rol oynamağa başlamışdır. Təşkilat xüsusilə Qərbi Azərbaycan məsələsi və öz torpaqlarından qovulmuş azərbaycanlıların təməl haqlarının müdafiə edilməsində, beynəlxalq arenada Azərbaycan dövlətinin və dövlətçiliyinin, siyasi kursunun dəstəklənməsində mühüm rol oynayan quruma çevrilmişdir.

EAPCA müraciətində beynəlxalq təşkilatları əməkdaşlığa və dünyada sülhün bərqərar olunmasında birgə səy göstərməyə dəvət edir. Sənəddə vurğulanır ki, qurumun rəhbərliyi artıq dəfələrlə BMT-də, UNESCO-da, Avropa Parlamentində, ATƏT-in Varşava ofisində tədbirlər həyata keçirmişdir.

Məlumata görə, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası BMT ilə yanaşı, rəsmi müraciətini digər beynəlxalq təşkilatlara, o cümlədən Avropa Parlamenti, BMT-nin Cenevrə Ofisinə, UNESCO, ATƏT və bir çox digər nüfuzlu qurumlara da ünvanlamışdır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top