Lerikdə 23 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 23 sentyabr 2025, 19:17
Lerik rayonunda 23 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 3-də rayonun Mastail kəndi ərazisində baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Samir Eynəliyev həmin gün gecəyarısı fərdi yaşayış evinin yaxınlığında avtomobil yolunun üstündə həmkəndlisi Azad Quliyev ilə heç bir səbəb olmadan mübahisə edib. O zərərçəkmiş şəxsin baş və üz nahiyələrinə qəsdən bir neçə dəfə yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, martın 2-də, saat 16 radələrində əmisi Rahimin evinə qonaq gedib: “Həmin gün saat 23:40-da əmimin evindən çıxaraq öz yaşadığım evə gəldim. Evimin yaxınlığında avtomobil yolu ilə piyada hərəkətdə olarkən bir nəfər şəxsin yaşadığım evin aşağı tərəfində olduğunu gördüm. Həmin şəxsin oğurluq məqsədilə evimizi güddüyünü zənn etdim. Həmin istiqamətdə səssizcə hərəkət edərək həmin şəxsə yaxınlaşdım. Bu zaman həmin şəxs məni görərək qaçdı. Qısa yol ilə qaçaraq həmin şəxsə çatdım. Onun Azad olduğunu gördüm. Azad qaça bilməyərək yerə yıxıldı. Onu tutduqda əlbəyaxa olduq. Azadın  yaxasından tutaraq yerə yıxdım. İlk öncə üz nahiyəsinə, daha sonra isə yumruq və təpiklə vuraraq ona xəsarət yetirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş şəxsin evlərinə oğurluq etmək məqsədilə güdməsini düşünüb və onu yerində saxlayaraq polisə məlumat vermək istəyib: “Bu an qardaşım Asim olduğumuz yerə yaxınlaşdı, Azad ilə aramızda hansı səbəbdən dava-dalaşın olduğunu soruşdu. Mən də bu barədə Asimə danışdım. Azad hadisə  yerindən qaçmaq istəyərkən ona imkan verməmişəm.  Asim bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdi”. 

İş üzrə zərərçəkmiş Azadın sözlərinə görə, hadisə günü yaşadığı evin qarşısında avtomobil yolunun kənarında siqaret çəkərkən atəş səsi eşidib: “Həmin atəşin kim  tərəfindən açılmasını görməmişəm. Həmin şəxsin ünvanına nalayiq ifadələr işlətdim. Bu an bir nəfər şəxsin mənə tərəf gəldiyini gördüm və atam Balayarın evi istiqamətində qaçdım. Evin arxa tərəfində yerə yıxıldım. Bu an bir nəfər şəxs mənə çatdı. Ona baxdıqda həmin şəxsin Samir olduğunu gördüm. Samir ilk öncə əlləri ilə yaxamdan tutaraq yerə yıxdı.  Daha sonra üz və baş nahiyəmə yumruq ilə bir neçə dəfə vuraraq mənə xəsarət yetirdi. Qorxduğum və həyəcanlı olduğum üçün huşumu itirdim. Ayılanda ətrafımda Samir, Asim, Bəhlul və polis əməkdaşları olduğunu gördüm”.

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 sentyabr 2025, 19:30
Top