"8 noyabr Zəfər bayramını döyüş meydanında xüsusəndə Şuşa şəhərində bir Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olaraq yaşamaq necə bir hiss olduğunu sözlərlə ifadə etmək çətindir. Bildiyimiz kimi 44 günlük Vətən Müharibəsinin başlanılması və Şuşa şəhərində bitməsi Xalqımızın yaddaşına həkk olunub. Bir Xalq olaraq, millət olaraq bu Zəfəri nələrin hesabına qazandığımızı və 30 ilə yaxın müddətdə düşmənin işğalına məruz qaldığımızı heç vaxt unutmamalıyıq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında mayor, ikinci Qarabağ müharibəsinin iştirakçısı, Şuşanın azad olunmasında iştirak edən Elşad Təhməzov deyib.
Onun sözlərinə görə, müharibənin ilk günündən işğaldan qurtardığımız hər bir təpə, hər bir dağ, hər bir yaşayış məntəqəsi bizi tarixi zəfərə doğru aparırdı:
"Həqiqətən bir addım irəli atdıqca hər bir döyüşçünün üzündə qisas qəzəbi daha da artırdı. Cəbrayıl rayonunun işğaldan azad olunması artıq düşmənin ruh əzmini qırdı, təminat yolları nəzarətimizə keçdi. Bununla Hadrut Qəsəbəsinin işağladan azad edilməsi əməliyyatı başladı, Hadrut Qəsəbəsi Qarabağın cənub qapısı idi. Düşmənin separatçı qüvvələrini Hadrut yaşayış məntəqəsində darmadağın edərək növbəti hücum Füzuli rayonunun işağladan azad edilməsi əməliyyatı uğurunda aparıldı.
Bizə hər addımda Ali Baş Komandanın Cənab İlham Əliyevin qətiyyətli mövqeyi, mətin iradəsi döyüş meydanında olan hər bir döyüşçüyə ruh yüksəkliyi verir və özünə inamı dahada artırırdı. Həm savaş meydanında, həmdə siyasi arenada vəhdət təşkil edən bir savaş gedirdi. Döyüş əməliyyatları bizi tarixi mədəniyyət şəhərimiz və Qarabağımızın baş tacı olan Şuşa şəhərinə doğru aparırdı. Şuşa əməliyyatının planlaşdırılması və uğurla həyata keçirilməsi dünya hərb tarixinin unikal hərbi əməliyyatları sırasında ön yerdə gəlir. Doğrudanda çətin dağ relyefi və sıldırım qayaların üzərində yerləşən bir şəhərin xüsusən də ağır silahlardan istifadə etmədən əməliyyatın planlaşdırıb həyata keçirilməsi çox çətin proses idi. Bunun üçün illərlə Vətən torpaqlarının işğaldan azad edilməsi üçün illərlə ən çətin döyüş döyüş tapşırıqlarına hazırlanan Xüsusi Təyinatlı Qüvvələrin əsas bölmələri, Daxili Qoşunların Xüsusi Təyinatlıları və digər qoşun növlərinin peşəkar hərbiçiləri yüngül atıcı silahlardan istifadə edərək Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatına başlanıldı.
Tarixi, mədəniyyət mərkəzi olan Şuşa şəhərinə sıldırım qayalardan dırmaşaraq şəhərə daxil olunmuş və şəhər 8 noyabr günü tamamilə düşməndən təmizlənilmişdir. Bir döyüşçü olaraq Zəfəri döyüş meydanında yaşadığımı heç bir zaman unuda bilməyəcəm. O anları ifadə etmək çətindir. Gözümüzdə həm sevinc var idi, həm də kədər. Kədər ona görə var idi ki, minlərlə şəhidlər verdik. Sevinc ona görə var idi ki, biz tarixi Zəfər qazanmışdıq. Şuşada Cənab Ali Baş Komandan İlham Əliyevin düşmənin məğlubiyyətə uğramasını və kapituliasiya aktına imza ataraq digər rayonların qeyri-şərtsiz boşaldıb təhvil verəcəyini çıxışında izləyəndə hər bir kəs göz yaşlarını saxlaya bilmirdi. Həmin anda bizim üzümüzdəki qələbə ruhunu sözlə ifadə etmək mümkün deyildi. Bəli bu tarixi Zəfər günü Xalqımızın yaddaşına əbədi yazılacaq, gələcək nəsillərə bu zəfəri qoruyub çatdırmaq bir vətəndaş borcumuzdur. Allah şəhidlərimizə rəhmət eləsin, döyüş meydanında can alıb, can verən Qazilərimizə, Veteranlarımıza can sağlığı versin. Allah millətimizə bir daha Soyqırımlar, faciələr yaşatmasın".


