Bu ərazidə yaşayış kompleksləri, ictimai iaşə obyektləri, otellər və parklar inşa ediləcək — Deputatdan AÇIQLAMA

GÜNDƏM 23 sentyabr 2025, 18:43
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumu bir çox maraqlı hadisələr və mühüm müqavilələrlə yadda qaldı. Forum çərçivəsində Azərbaycan hökumətinin iqtisadi strategiyası baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər tərəfindən təqdim olundu. İqtisadiyyat sahəsinə rəhbərlik edən nazirlər ölkələrinin investisiya təşviqi, Azərbaycandakı əlverişli mühit və gələcək əməkdaşlıq imkanları barədə məlumat verdilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.

"Qeyd olundu ki, Prezidentin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası ölkənin mövqelərini gücləndirir. Dövlət başçısının forumdakı çıxışı da bu istiqamətdə atılan addımları əhatə edərək, Azərbaycanda sərmayə qoyuluşu üçün əlverişli şəraitin mövcudluğunu bir daha təsdiqlədi. Forumda həmçinin “şəhər içində şəhər” layihəsi kimi iri infrastruktur layihələrinin müzakirəsi aparıldı. Bu çərçivədə paytaxtın Böyükşor ərazisində yaşayış kompleksləri, ictimai obyektlər, otellər və parkların inşası planlaşdırılır".

O bildirib ki, Azərbaycan, xüsusilə də Bakı, bu cür layihələr üçün əlverişli məkan kimi dəyərləndirilir:

"Yaxın gələcəkdə ölkəmizdə bu tip böyük layihələrin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf yolundadır və yerləşdiyi əlverişli coğrafi mövqeyi, nəqliyyat qovşaqları, Orta Dəhliz imkanları, Ələt azad iqtisadi zonası və yeni hava limanının fəaliyyəti bu prosesə əlavə dəstək verir. Belə beynəlxalq forumlar isə ölkəmizdə görülən işlərin təşviqi üçün mühüm platforma rolunu oynayır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 sentyabr 2025, 19:30
Top