Taksilərlə bağlı yeni qayda: "Sumqayıtdan Bakıya gələn sərnişini aparan taksi..."

GÜNDƏM 23 sentyabr 2025, 16:18
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin taksilər yalnız qeydiyyatda olduqları şəhərdə işləyə bilər yanaşması əslində maraqlı, amma praktik baxımdan bir çox suallar doğuran qərardır”.

Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.

O əlavə edib ki, bu qaydanın məqsədi şəhərdaxili nəqliyyatın tənzimlənməsi və yerli bazarın qorunması ola bilər:

“Lakin sərnişinlərin əsas ehtiyacı sərbəst və rahat hərəkət etməkdir. Məsələn, Sumqayıtdan Bakıya gələn sərnişini aparan taksi geri qayıtmaq üçün boş gedəcəksə, bu həm iqtisadi, həm də ekoloji baxımdan uyğun olmayacaq. Digər tərəfdən, sərhədlərin inzibati bölgülərlə kəskin ayrılması taksi xidmətlərinin rəqabət imkanlarını azaldacaq. Bu isə qiymətlərin süni şəkildə yüksəlməsinə gətirib çıxara bilər. Mobil tətbiqlər üzərindən işləyən platformaların bu qaydaya necə uyğunlaşacağı da böyük sualdır. Çünki hazırda istifadəçilər üçün əsas prinsip istədiyi yerdən istədiyi istiqamətə sifariş etməkdir. Qanunun tətbiqi nəzarət və icra baxımından da çətin olacaq. Minlərlə sürücünün hansı şəhərə aid olduğunu izləmək real praktikada böyük resurs tələb edəcək. Belə bir məhdudiyyət həm sərnişinlərin seçim azadlığını, həm də sürücülərin qazanc imkanlarını daraldacaq. Bu qayda yalnız inzibati bölgülərarası müntəzəm daşımalarla taksi xidmətini fərqləndirmək üçün tətbiq edilə bilər. Əks halda, ümumi taksi bazarında xaos və narazılıqlar qaçılmazdır. Ona görə də bu qərarın həyata keçirilməsi real görünmür.  Praktik cəhətdən tam effektiv olması çətin məsələdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top