"Belə olan hallarda xarici diplomlar tanınmayacaq" — Deputat

GÜNDƏM 07 avqust 2025, 16:06
"Təəssüflə qeyd etmək lazımdır ki, diplom xəstəliyi, ali təhsil xəstəliyi insanları çox ağır duruma salır. Onlar bu sahədə fəaliyyət göstərən bəzi işbazların toruna düşürlər.  Birinci, hamı bilməlidir ki, dövlət imtahanını verməyən heç bir şəxsin burada gələcəkdə aldığı diplom qəbul edilməyəcəkdir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, xüsusən xaricdə təhsil alan gənclərin çoxunun diplomu tanınmır:

"Hesab edirəm ki, gənclər birinci Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak etdirməlidir və ya IELTS, TOEFL proqramları vasitəsilə imtahan verərək ali məktəblərə qəbul olmalıdırlar.

Bu gün hər yerdə attestatla ali məktəbə qəbul elanları gedir. Hesab edirəm ki, valideynlər və gənclər buna aldanmamalıdırlar. Oxuduqları universitetin dövlət qeydiyyatının olub-olmadığını, Azərbaycanda diplomunun qəbul olunub-olunmadığını dəqiqləşdirməlidirlər. Bəzi valideynlər "oğlumun mütləq diplomu olmalıdır" deyə, dövlət imtahanını vermədən, attestatla xarici universitetə yönləndirirlər və sonra bu problemi yaşayırlar. Ona görə universitet seçərkən bu məsələlər mütləq nəzərə alınmalıdır".

Deputat qeyd edib ki, bu gün təkcə Türkiyədə 50 minə yaxın Azərbaycan gənci təhsil alır:

"Onların böyük hissəsi attestatla gedənlərdir və geri döndükdən sonra çoxunun diplomu qəbul olunmayacaq. Əgər uşağın bazası yoxdursa, potensialı yoxdursa və orada oxuya bilməyəcəksə, valideynlər əziyyət çəkib övladlarını həmin universitetlərə göndərməsinlər. Diqqətlə təhlil edib, sonra qərar qəbul etsinlər. Əks halda, sadəcə əskərlikdən yayındırmaq, diplom xətrinə uşaqları xaricə göndərmək yanlışdır".

Qeyd edək ki, təkcə keçən ay 107 xarici diplom tanınmayıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top