
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar.
Laçın rayonunun Bəylik kəndi də onlardan biridir. Kənddə iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb.
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Bəylik sakinlərinin iştirakı ilə videoçarx hazırlanıb.
30 il həsrətində olduqları doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Dövlət Komitəsi Bəylikdə daimi məskunlaşmış sakinlərin geri qayıdışına həsr olunmuş videoçarxı təqdim edir.