İkinci beşillik dövrdə sertifikasiya daha təkmil həyata keçiriləcək — Ekspert

GÜNDƏM 30 iyun 2025, 19:08
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə deyib ki, məktəblərin hamısında sertifikatlaşmış müəllimlər çalışacaq. 

Sertifikatlaşdırma prosesi təhsilin keyfiyyətinə necə təsir edəcək?

Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib ki, təhsil verənlərin sertifikatlaşdırılması prosesi və onunla bağlı əsas qaydalar Nazirlər Kabinetinin 2020-ci il tarixli qərarında tam şəkildə əks olunub:

“Həmin qərara əsasən, bütün təhsil verənlər fənnindən asılı olmayaraq sertifikasiya prosesindən keçməlidirlər. Bu, prosesi həm hüquqi, həm də metodoloji baxımdan sistemli və vahid mexanizmə çevirir. Təbii ki, burada müəyyən istisnalar da nəzərdə tutulub. Məsələn, sağlamlıq imkanları məhdud olanlar, analıq məzuniyyətində olanlar və yaxud yaşa görə güzəşt tətbiq olunan müəllimlər bu prosesdən müvəqqəti və ya daimi şəkildə azad olunurlar. Sertifikatlaşdırma prosesi sadəcə müəllimi qiymətləndirmək deyil, həm də təhsilin ümumi keyfiyyətinə nəzarət etmək, onu yüksəltmək və inkişaf etdirmək məqsədi daşıyır. Ona görə də Vəfa xanım Yəqubovanın son açıqlamaları yeni bir yanaşma kimi deyil, 2020-ci ildə qəbul olunmuş qərarın məntiqi davamı və tətbiqinin izahı kimi qəbul edilməlidir. Burada məqsəd nə kimisə tənqid etməkdir, nə də sadəcə neqativ danışmaq. Əsas odur ki, təhsildəki gerçəkləri tam şəkildə görək”. 

Ekspert əlavə edib ki, əgər bu gün müəllimlərin peşəkar səviyyəsi və intellektual göstəriciləri ilə bağlı reallıqları bilməsək, gələcək üçün heç bir sağlam islahat düşünə bilmərik:

“Təxminən 7000 müəllim öz ixtisası üzrə ardıcıl iki dəfə sertifikasiyadan keçə bilməyib. Bu, olduqca ciddi faktdır. Jurnalist üçün əsas anlayışlar nə qədər vacibdirsə manşet nədir, xəbər quruluşu nədir müəllim üçün də ixtisas bilikləri o qədər önəmlidir. Əgər müəllim öz sahəsi ilə bağlı ən sadə suallara belə cavab verə bilmirsə, bu, həm onun peşəkar uğursuzluğu, həm də təhsil sistemimiz üçün təhlükədir. Sertifikasiya məhz bu reallığı ortaya çıxardı və nəticədə zəif müəllimlərin sistemdən uzaqlaşdırılmasına səbəb oldu. Bu, birmənalı şəkildə müsbət haldır. Düzdür, bir vətəndaş və insan kimi onların sosial rifahı və mənəvi tərəfi bizi düşündürür. Onlar da ailə başçısıdır, övlad böyüdür. Amma bir zəif müəllimin gələcəkdə yüzlərlə ailənin övladının inkişafına mane olması daha ağır nəticələrə səbəb ola bilər. Ona görə də düşünürəm ki, bu sertifikasiya prosesini daha da təkmilləşdirməliyik”.

E. Nurinin sözlərinə görə, qarşıdakı beş ildə bu sahədə daha şəffaf, daha obyektiv və dəstək yönümlü yanaşma formalaşdırmalıdır:

“Eyni zamanda, zəif nəticə göstərən müəllimlər üçün də dəstək proqramları, təlimlər, alternativ iş imkanları daha da genişləndirilməlidir. Yəni məqsəd cəzalandırmaq deyil, təhsilin keyfiyyətini yüksəltməkdir. Baxmayaraq ki, ilkin mərhələlərdə xüsusilə də 2021 və 2023-cü illərdə texniki və təşkilati çətinliklər yaşandı, bu da normaldır. Çünki ölkədə bu səviyyədə və bu miqyasda sertifikatlaşdırma təcrübəsi ilk dəfə həyata keçirilirdi. Lakin ötən illər ərzində bu mexanizm təkmilləşdirildi, bir çox boşluqlar aradan qaldırıldı və proses daha şəffaf və sistemli şəkildə aparılmağa başladı. Hazırda bəzi metodiki və texniki çatışmazlıqlar qalsa da, bu istiqamətdə görülən işlər və gələcək üçün planlanan islahatlar ümidvericidir. Bütün bu müddətdə sertifikasiya prosesi bizə reallığı göstərdi. Hansı müəllimlər müasir tələblərə cavab verir, kimlər isə əlavə dəstəyə və ya peşəkar inkişaf imkanlarına ehtiyac duyur  bu, aydın oldu. Nəticədə, bu prosesin təhsilin keyfiyyətinə, müəllimlərin bilik və bacarıqlarına, həmçinin ümumilikdə sistemin şəffaflığına müsbət təsiri oldu və olacaq. 2027–2032-ci illəri əhatə edəcək ikinci beşillik dövrdə isə sertifikasiya daha təkmil, dayanıqlı və ədalətli şəkildə həyata keçiriləcək. Bu da Azərbaycan təhsilinin keyfiyyət baxımından yüksəlməsi üçün önəmli addımdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top