Bakıda 25 yaşlı oğlan uşaqlıq dostunu bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 21 may 2025, 12:10
Bakının Sabunçu rayonunda 2000-ci il təvəllüdlü Taleh şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Salehi (adlar şərtidir – red.) bıçaqlayıb. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 25 avqust 2024-cü ildə baş verib. Bakı şəhər sakini Taleh həmin gün saat 23:00-da tanışı Salehin onunla əsassız olaraq mübahisə edərək sifətinə şillə vurması səbəbindən aralarında mübahisə yaranıb. 

Tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Salehin yenidən yumruq və təpiklə baş, bədənin müxtəlif nahiyələrindən vuraraq ona xəsarətlər yetirməsini özünü təhqir edilmiş kimi hesab edib. 

Bu zaman Taleh özündə olan bıçaqla Salehi bir dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Salehi tanıyıb, aralarında ədavət və düşmənçilik olmayıb: 

“Dəqiq xatırlamadığım tarixdə Salehlə mobil telefon vasitəsilə danışdıqdan sonra aramızda yaranmış mübahisə nəticəsində bıçaqla ona bir dəfə zərbə yetirdim”.

Təqsirləndirilən şəxs bildirib ki, cavanlıq məsələləri ilə bağlı Salehlə aralarında mübahisə yaranıb: 

“Həmin vaxt üzərimdə bıçaq olmayıb. Mübahisədən sonra evə gedərək bıçağı götürdüm və sonra yaşadığım evin yaxınlığındakı dalanın başlanğıcında Salehin gəlməsini gözlədim. Hadisə vaxtı Saleh tək olmayıb. Onun yanında Rəvan da olub. Məktəb illərindən Salehi tanımışam”. 

Taleh ittiham üzrə özünü tam təqsirli bildiyini, əməlindən peşman olduğunu, alkoqollu içkinin təsirində olduqlarından, aralarında mübahisə yarandığını deyib. Bildirib ki, Saleh onunla mobil telefonla danışıq zamanı əda ilə danışmasından əsəbləşib: 

“Salehin harada olduğunu soruşdum. Salehin məhəllədə olduğunu öyrəndikdən sonra evdən bıçağı götürdüm və mobil telefonla danışıq zamanı Saleh məni söydü. Saleh mənə şillə və yumruq vurduqdan sonra evə getdim. 

Evdən bıçağı götürdükdən sonra ailə üzvlərim ilə sağollaşdım, sonra evdən çıxdım. Zəng edərək Salehi dalana çağırdım. Dalanın başlanğıcında onu gördüm və bıçaqla xəsarət yetirdim. Hadisə vaxtı hər ikimiz ayaq üstə olmuşuq. Saleh heç vaxt unutmaması məqsədilə iz qoymaq üçün bıçaqla zərbə yetirmişəm. Onun hər kəslə əda ilə danışmasının mümkün olmadığını dərk etməsini istədim”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Taleh 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 19:53
Top