Sərxoş qardaş evə gec gələn bacısına xəsarət yetirdi

KRİMİNAL 15 may 2025, 13:12
Bakının Nərimanov rayonunda qardaş-bacı arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 1-də Nərimanov rayonu, Qarabağ küçəsində  evlərdən birində baş verib. 

Balakən rayon sakini, 1994-cü il təvəllüdlü Əfqan həmin gün saat 00:15-də ailə üzvləri bacısı, 1995-ci il təvəllüdlü Sona və anası Kəmalə (adlar şərtidir – red.) ilə birlikdə yaşadığı mənzilə orta dərəcəli sərxoş vəziyyətdə gəlib. O, evin dəhlizində bacısı Sonanın evə gec gəlməsini bəhanə edib və aralarında yaranmış ailə münaqişəsi zəminində onun başına yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Bundan sonra Kəmalə onu kənarlaşdırdıqdan sonra  sakitləşməsi üçün Sonaya bir stəkan su verib. O, Sonanın sol əlində stəkan olduğunu görüb və qəsdən xəsarət yetirmək məqsədilə sol əlinə zərbə endirib. Ona növbəti dəfə xəsarətlər yetirib. 

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və bacısı ilə birlikdə yaşayır: “Son günlər ailədə mübahisələrimiz baş verib. Anam Kəmalə və bacım Sona spirtli içki qəbul etdiyim üçün evə gəldikdə mənimlə kobud rəftar ediblər. Məni saymadıqları üçün əsəbiləşirdim. Sonuncu dəfə fevralın 1-də, təxminən saat 00:15-də dostlarım ilə kafedə yeyib içdikdən sonra sərxoş vəziyyətdə evə gəldim. Bacım və anam yenə mənimlə kobud danışmağa başladılar. Mən də  əsəbiləşdim, anamın üstünə qışqırdım, onları söydüm. Sona da məni danlamağa başladığı üçün əsəbiləşdim. Sonanın başına bir-neçə dəfə yumruq zərbələri  vurdum. Sonra anam bacıma stəkanda su verdi. Bacımın əlindən vurduqda əlindəki stəkan divara dəyərək sındı və onun əli kəsildi. Sonanın əlinin qanı ətrafa yayıldıqda pis oldum və kənara çəkildim. Əməlimdən peşmanam. Zərərçəkmişlə barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sonanın sözlərinə görə, qardaşı Əfqan ilə son günlər ailədə mübahisələr baş verib: “Əfqan tez-tez spirtli içki qəbul edərək evə gəlib, dava-dalaş salıb. Sonuncu dəfə fevralın 1-də, təxminən saat 00:15-də qardaşım Əfqan sərxoş vəziyyətdə evə gəldi, guya mənim evə gec gəldiyimi bəhanə edərək mübahisə etdi. Sonra anam Kəmalənin üstünə qışqırdı, nalayiq sözlərlə söydü. Əfqana söyüş söyməməsini dedim. Mənim üstümə gələrək, başıma bir-neçə dəfə yumruq zərbələri vurdu. Sonra anam bir stəkan suyu mənə verdi ki, içib sakitləşim. Bu zaman Əfqan əlimdən vurdu və əlimin divara dəyməsi nəticəsində stəkan qırılaraq əlimdən xəsarət aldım. Əfqan əlimin kəsildiyini və qan axmasını gördü, bir az sakitləşdi. Bu zaman xalam qızı zəng etdi. Mən Əfqan tərəfindən döyüldüyümü bildirdim. O da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Daha sonra polis əməkdaşları yaşadığım ünvana gələrək bizi 18-ci Polis Şöbəsinə dəvət etdi”. 

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk  etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə  saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət  edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top