Sosial mediada Ermənistanın xeyrinə saxta xəbərləri kimlər yayır?

DÜNYA 28 fevral 2025, 11:41

Sosial mediada, xüsusən də xaricdən idarə olunan “facebook” kanallarında və “tiktok” kanallarında Ermənistanla Azərbaycanda uşaqpulu, yoxsulluq müavinəti, işsizlik pulu, ev növbəsi və s. mövzularda müqayisəli infoqram paylaşılır. İddia olunur ki, Ermənistanda “uşaqpulu” 227 dollar olduğu halda Azərbaycanda bu ödəmə ümumiyyətlə yoxdur. Ermənistanda yoxsulluq müavinəti üçün aylıq 157, işsizlik müavinəti üçün isə 135 dollar ödənilir. Hətta qeyd edilir ki, qonşu ölkədə əhali üzrə ev növbəsi təmin edilir, 17 yaşa qədər şagirdlərin məktəb ləvazimatı ilə təminatı mövcuddur. Azərbaycanda isə bunların heç biri yoxdur.
 

Faktyoxla Lab. bu iddialara aydınlıq gətirib.


Əvvəlcə “uşaqpulu” məsələsinə aydınlıq gətirək.

Bildirək ki, Ermənistanda aylıq ödənilən “uşaq pulu” anlayışı deyilən məhvum yoxdur. Hökumətin 6 mart 2014-cü il tarixli qərarına əsasən uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilir, aylıq müavinət deyil.

Bu ölkədə aylıq müavinət yalnız üç və daha çox uşağı olan ailələrə 6 yaşa qədər ödənilir ki, onun da məbləği 50 min dram (120 dollar) təşkil edir. 227 dollar məbləğində hər hansı müavinət və daha konkret desək ümumiyyətlə “uşaqpulu” ödənişi yoxdur.

Azərbaycanda isə uşaqlara bir neçə istiqamət üzrə yardım və müavinətlər ödənilir ki, onların əhatə dairəsi və ödənilən müavinətlərin cəmi məbləği Ermənistandan bir neçə dəfə yüksəkdir. Belə ki, ölkəmizdə uşağın anadan olmasına görə, birdəfəlik müavinət sistemi 30 ilə yaxındır ki, qüvvədədir. Hər uşağın doğulmasına görə, dövlət birdəfəlik 500 manat müavinət verir ki, həmin məbləğ bir uşağı olan ailələrə də ödənilir.

Azərbaycanda aylıq müavinətlərdən biri aztəminatlı ailələrin hər bir üzvünə verilən 1 yaşınadək olan 100 manat müavinət növüdür.

Eyni zamanda, 3 yaşınadək uşağa qulluğa görə hər ay 44 manat, ailə başçısını itirməyə görə uşaqlara aylıq 120 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 120 manat, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün 200 manat, övladlığa götürülən uşağa görə təyin edilmiş müavinətin həcmi isə aylıq 200 manatdır. mənbə


Azərbaycanda çoxuşaqlı ailələrə isə daha böyük məbləğdə aylıq müavinət verilir və həmin məbləğ Ermənistanda 4-5 uşaqlı ailələrə verilən məbləğdən daha çoxdur. Belə ki, ölkəmizdə beşdən çox uşaq doğub tərbiyə edən qadınlara hər uşağa görə, aylıq 105 manat müavinət ödənilir. Beş uşağın müavinəti 525 manat və ya 309 dollar təşkil edir.

Həmçinin, ölkəmizdə müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün aylıq 120 manat məbləğində müavinət ödənilir.

Habelə, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların övladları, sağlamlıq imkanları məhdud 95 mindən çox uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət ödənilir.

Ümumilikdə, hazırda Azərbaycanda 20-yə yaxın sosial müavinət növü vardır ki, onlarn 13-ü məhz uşaqların sosial müdafiəsini nəzərdə tutur.
Yeri gəlmişkən, Prezidentin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Hökumət martın sonunda sosial təkifləri dövlət başçısına təqdim etdikdən sonra, təxminən aprel ayından bütün müavinətlər, o cümlədən uşaqlar üçün nəzərdə tutulan 13 müavinətin hər biri artırılacaq.

2-ci iddia. Ermənistanda yoxsulluq həddində yaşayan insanlara aylıq 157 dollar yoxsulluq müavinəti ödənilməsi barədə.

Ermənistanda yoxsullar üçün verilən müavinətin təyinatı belədir:

Birinci: Sosial cəhətdən hədsiz dərəcədə kasıb olan ailələrə, eləcə də Qarabağdan köçmüş sakinlərə ildə bir dəfə birdəfəlik ünvanlı maddi yardım ödənilir. Həmin pul isə Ermənistan hökuməti tərəfindən yox, BMT-nin UNICEF və Almaniya Xarici İşlər Nazirliyinin yardımı ilə həyata keçirən proqram çərçivəsində ödənilir. 2024-2025-ci illərdə bu yardımdan cəmi 4000 ailə yararlanıb.

İkinci: Yoxsulluq müavinəti adlandırılan digər ödəniş Ermənistanda əhalinin aztəminatlı hissəsinin ən yoxsul, mütləq yoxsulluq içində yaşayan insanlara ödənilir. Onların sayı isə təxminən 30 min nəfərdir. Xatırladaq ki, bu ölkədə yoxsulluq həddində yaşayan insanların sayı əhalinin 23,7 faizini təşkil edir. Hökumətin yoxsulların cəmi 1 faizinə maddi dəstək verdiyini nəzərə alsaq, onların böyük hissəsi - 22,7 faizi 1 dram belə yardım əldə etmirmənbə

Onu da nəzərə almaq lazımdır ki, həmin 30 min yoxsula verilən müavinətin məbləği ölkə üzrə yaşayış minimumundan da aşağıdır. Ermənistan hökuməti 2025-ci il martın 17-dən qüvvəyə minəcək yeni sosial dəstək sistemi sayəsində həmin müavinətin məbləği minimum ərzaq səbətinə uyğunlaşdırmağı bundan sonra planlaşdırır. Azərbaycanda sosial cəhətdən kasıb olan insanlara davamı ödənilən müavinət isə 20 ilə yaxındır ki, tətbiq olunur. Həmin dövlət vəsaiti əhalinin aztəminatlı hissəsi üçün ödənilən ünvanlı sosial yardımı hesab olunur. Hazırda ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 77 min, cəmi yardım alan insanların sayı isə 350 min nəfərdirmənbə

Bu o deməkdir ki, Azərbaycanda ölkə üzrə əhalinin 3,5 faizi bu vəsaitlə təmin olunub.

Digər bir müqayisə. Ermənistanda əhalinin yoxsulluq səviyyəsi 23,7 faiz olduğu halda Azərbaycanda bu rəqəm 5,2 faizə bərabərdir.


Bundan başqa, Azərbaycanda aztəminatlılar üçün ödənilən müavinətin məbləği minimum yaşayış səbətindən yüksəkdir. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilib.

2025-ci ildə bir ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği təxminən 525 manata yaxın nəzərdə tutulub ki, bu da məbləğ yaşayış minimumunu xeyli üstələyir.

3-cü iddia
 Ermənistanda hər nəfərə 135 dollar işsizlik müavinətinin ödənilməsi haqda.

Azərbaycanda həmin müavinət növü neçə illərdir ki, mövcuddur. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu alan bütün vətəndaşlara işsizlik müavinəti verilir.
Həmin vəsaitin həcmi vaxtilə işləyən şəxslərin orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ ilk 2 təqvim ayı üçün 100 faiz, 3-4-cü təqvim ayları üçün 80 faiz, 5-6-cı təqvim ayları üçün 70 faiz məbləğində, sonrakı aylarda isə minimum yaşayış məbləği həcmində müəyyən edilib.

4-cü iddia. Ermənistanda əhalinin pulsuz ev növbəsi ilə təmin edilməsi barədə.

Bildirək ki, bu ölkədə ipoteka mexamizmi mövcuddur ki, həmin proqram Azərbaycanda 20 ildir tətbiq olunur. Eyni zamanda, ölkəmizdə daha güzəştli mənzil proqramı - sosial ipoteka modeli tətbiq edilir.
Həmçinin, Azərbaycanda hərbçilər, eləcə də şəhid ailələri və müharibə veteranları növbəlilik prinsipi ilə dövlət hesabına pulsuz mənzillə təmin olunur.

2024-cü ilin sonuna qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub.

Nəhayət, sonuncu iddia Ermənistanda orta məktəblərin pulsuz dərs və tədris ləvazimatları ilə təmin edilməsi barədə. Erməni media orqanlarından da görmək mümkündür ki, valideynlər şagirdlərin dərs vəsaitləri ilə təminatını öz hesablarına təmin edirlər. 2024-cü ilin tədris mövsümü ərəfəsində aparılan araşdırmaya əsasən, bu ölkədə bir şagirdin xərcləri, ləvazimatlar da daxil olmaqla təxminən 90 min drama (245 dollar) başa gəlir. Təkcə dərc ləvazimatlarının minimum dəyəri (çanta, dəftərlər, gündəlik, qələm qutusu, qələmlər, karandaşlar, pozan, rəsm albom və digər ləvazimatlar) 16 min dram (42 dollar) təşkil edir.



Azərbaycanda isə 2025-ci ildə təhsil xərcləri 4 mlyard 937,3 milyon manat nəzərdə tutulub. Bu, dollar ifadəsi ilə 2 milyard 942 milyona bərabərdir. 10 milyon əhali üzrə adambaşına düşən təhsil xərci 295 dollar təşkil edir. Yəni, dövlətimiz təhsilə Ermənistandan daha çox vəsait ayırır.
Azərbaycanda təhsil xərclərinin tərkibində şagirdlər pulsuz dərslik və dərs vəsaitləri ilə təminatı əsas yerlərdən birini tutur. “Ümumi təhsil haqqında” Qanuna və Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən, hər il davamlı şəkildə bütün təhsil müəssisələrinin şagirdləri pulsuz dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələri ilə təmin olunurlar.
Bunlarla yanaşı, ölkəmizdə dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə büdcədən 568,2 milyon manat vəsait ayrılıb. Həmçinin, ölkəmizdə əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə krediti sistemi yaradılıb. Ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 126 milyon manat təşkil edir.
Azərbaycanda təhsilin sosiallığı da əsas yerlərdən birini tutur, əhalinin bir sıra sosial kateqoriyaları üzrə tələbələrin təhsil haqqına güzəşt edilir, dövlət onların xərclərini üzərinə götürür. Təxminən 8 sosial kateqoriya üzrə ali təhsildə bütün xərcləri dövlət qarşılayır.

Beləliklə, sosial mediada yayılan Ermənistanda aylıq “uşaqpulu”, yoxsulluq və və işsizlik müavinəti verilməsi, 17 yaşa qədər şagirdlərin bütün məktəb ləvazimatı ilə təminat olunması barədə iddilarının heç biri reallığı əks etdirmir.
Azərbaycanda qeyd edilən sosial təminatların ümumiyyətlə olmaması barədə söylənilən fikirlər isə saxta məlumatdır, qərəzdir.(/faktyoxla.az/)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 16:20
Top