"Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır"

GÜNDƏM 18 yanvar 2025, 18:23
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq Hüzn Günüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar.

Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Hadisələr nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.



Milli Məclis sədrinin müavini Musa Qasımlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhalinin öldürülməsi, Mixail Qorbaçov başda olmaqla Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir:

“Sovet rəhbərliyi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarını dayandırmaq, tarixi torpaqlarımızda yaşayan azərbaycanlıların vəhşicəsinə qovulmasının qarşısını almaq əvəzinə Azərbaycan xalqını “cəzalandırdı”.  Bir sıra yerlərdən olan ermənilərin də iştirak etdiyi Sovet qoşun hissələri ağır cinayət törətdi. Ordu ölkəni xarici hərbi müdaxilədən qorumaq əvəzinə dinc əhaliyyə divan tutdu. Bu qırğının bütün günahı Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin üzərinə düşürdü. 20 Yanvar hadisəsi baş verdikdən dərhal sonra Moskvada sərt nazarət altında yaşamasına baxmayaraq, böyük dövlət və siyasi xadim Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bəyanat verdi. Qanlı hərəkətləri, törədənləri ittiham etdi. Baş verən hadisəni hüquq və demokratiyaya zidd, humanizm prinsiplərinin əleyhi kimi qiymətləndirdi. Heydər Əliyevin Moskvada keçirdiyi brifinq və səsləndirdiyi fikirlər qanlı hadisə haqqında həqiqətlərin dünyaya yayılmasına kömək etdi”. 

Millət vəkili diqqətə çatdırıb ki, 20 Yanvar hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri oldu:



“Bundan sonra Azərbaycan xalqı müstəqillik yolunu tutdu. Azərbaycanda fabrik və zavodların 40 gün işləməməsi vahid bir zəncir kimi bir-birinə bağlanmış sovet iqtisadiyyatının dağılmasına səbəb oldu. Xalqın orduya, bütövlükdə mərkəzi hakimiyyətə olan inamı sarsıldı. SSRİ-nin ideoloji əsasını təşkil edən Kommunist Partiyasına nifrət yarandı. Sonralar ölkə rəhbəri seçilən Ulu Öndər Heydər Əliyev 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsindən ötrü zəruri addımlar atdı. Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Ona görə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev rəhbərliyi altında bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır”. 

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovun sözlərinə görə, Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəsilə qan yaddaşı və genlərlə ötürülüb:



“Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. 20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənibdir:

1. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti:

1988-ci ilin fevral ayından başlayaraq, 200 mindən artıq soydaşımızın Ermənistandan zor və işgəncə altında qovulub. Təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülüb, 166 nəfər isə yaralanıb. Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə huquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Həmin qərəzli, məsuliyyətsiz və cinayətkar siyasətin bir neçə məqamına nəzər yetirək:

-1988-ci ilin mart ayında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qəbul etdiyi qərar əslində Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilir, böyük maliyyə vəsaitləri ayrılır, vilayətlə bağlı mühüm məsələlərin həlli ittifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi.

-1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması-Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadiy Volskiy təyin edildi. Bu addım faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını təmin etmiş oldu.

- Rəsmi Moskvanın yuxarıda qeyd olunan addımlarındam ruhlanan və şirniklənən Ermənistan SSRİ-nin Ali Soveti 1989-ci il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar verdi. Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdi.

2. Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları:

Hadisələrin təhlili göstərir ki, Azərbayacan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, rəsmi Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı mimimuma enə bilərdi. Zənnimizcə, məhz Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyyətinin 15 yanvar 1990-cı il tarixli qərarında “Müdafiə nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəinə uyğun olaraq Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin”,- şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdir”.

Deputat nəzərə çatdırıb ki,  1989-cu ilin sonlarınadək Bakı şəhərində 110 minlik silahlı qüvvə və hüquq-mühafizə orqanlarının şəxsi heyyəti var idi:

“Xüsusilə, Bakı qarnizonunun və Bakı Ümumqoşun Məktəbi zabitləri və əsgərlərinin Azərbayacan xalqına münasibəti heç bir halda düşmən münasibəti deyildi, əksinə daha çox loyallığı ilə fərqlənirdi. Onlar yerli əhalinin qonaqpərvərlyi və alicənablığını gündəlik həyatda görür və qiymətləndirirdilər. Başqa sözlə, “Görünən dağa nə bələdçi”. Təsadüfi deyildir ki, 20 Yanvar hadisəsi öncəsi Bakı Ümumqoşun Məktəbinin zabit kollektivi adından SSRİ Ali Soveti sədrinin və ölkənin müdafiə nazirinin adına ünvanlamış məktubda xüsusi olaraq qeyd olunurdu ki, Bakıda vəziyyət Azərbaycan Xalq Cəbhəsinin nəzərəti altındadır və mövcud problemlərin həlli üçün siyasi tənzimləmə imkanları tükənməmişdir. Biz tam əminliklə deyirik: “Bakıda ikinci Rumıniyanın baş verməsinə imkan verilməməlidir.” Mərkəzə belə mövqe lazım deyildi. Ona görə də, rəsmi Moskva Bakıda qanlı aksiyasını həyata keçirmək üçün bu qüvvələrə tam etibar etmirdi.

1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi. Bir sözlə, SSRİ rəhbərliyinin “xeyir-duası” ilə 66 minlik qoşun hissələri, xüsusilə erməni mənşəli əsgər və zabitlər, eyni zamnada həbsxanadan məlum məqsəd naminə azadlığa buraxılmış məhbuslar Bakıda hər cür vəhşiliklər törətməyə psixoloji baxımdan tam hazırlamış və nəticədə 147 insanın qətlinə, 744 nəfərin ağır xəsarət almasına, 841 nəfərın qanunsuz olaraq həbs edilməsinə, 200 mənzil, ev, şəxsi və dövlət əmlakının dağıdılmasına rəvac verən bəşəri cinayət törədilmişdir”.

Siyasi elmlər doktoru vurğulayıb ki, 20 Yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcını şərtləndirən proseslərin katalizatoru oldu:

“20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş siyasi rezonans doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.

1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsil həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsil mahiyyəti açıqlandı.1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi:

 “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsil mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndər Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilmişdir. Hələ ötən əsrin 90-cı illərində ulu öndərin müvafiq Fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yanvar hadisələri zamanı əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanıldı”.

E.Nəsirov qeyd edib ki,  1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi: 

“Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın Üzamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”deyən Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda bu faciə ilə bağlı əlilliyi olan şəslərin sosial müdafiə sisteminin formalaşdırılması istiamətində mühüm addımlar atılıb. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil və bu kateqoriyadan olan əlillərə 100-dək avtomobil təqdim edilib.

2023-cü ildən 20 Yanvar şəhidlərinin ailələrinə ödənilən Prezidentin aylıq təqaüdünün məbləği 600 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, həmçinin əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir. Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. 

Bu bəşəri cinayətə hələ də beynəlxalq aləmdə lazımı siyasi-hüquqi qiymət verilməyib. 20 Yanvar faciəsinin günahkarları: SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov, Bakıda qətliam törədən ordunun fəaliyyətinə birbaşa rəhbərliyi həyata keçirən Primakov, müdafiə naziri Yazov, SSRİ MK-nın katibi Girienko, SSRİ MK-nın millətlərarası münasibətlər şöbəsinin müdir müavini Mixaylov, daxili işlər naziri Bakatin, habelə Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi hələ də beynəlxalq məhkəmə qarşısında mühakimə olunub, layiqli cəzalarını almamışlar. 

Zaman kecdikcə bir sıra həqiqətlər meydana çıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, kecmiş SSRİ Prokurorluğuna aparılıb və indiyədək qaytarılmayıb. Son 35-ildə artıq 5-ci dəfədir ki, 20 Yanvar faciəsinin növbəti ildönümünü yeni tarixi reallıqda-xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdığı bir zamanda qeyd edirik. O tarixi qələbə ki, bütün şəhidlərimizin ruhunu şad edib. O, qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytarıb”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov  bildirib ki, 20 Yanvar Azərbaycan xalqının taleyi və tarixində nə birinci, nə də sonuncu hadisədir:



“70 il ərzində Sovet dövləti hər birimizi inandırmışdı ki, SSRİ onun vətənidir, Moskva isə paytaxtıdır. Xalqlar arasında dostluq, qardaşlıq var və Azərbaycanda bu dost və qardaş xalqlardan biridir. Amma əslində, 70 il ərzində təbliğ olunanlar kitablarda öz əksini tapsa da, real həyatda belə deyildi. Onun da iç üzünü açan 1990-cı ilin 20 yanvarı oldu. 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqına göstərdi ki, Sovet ordusu deyilən bu ordu heç vaxt Azərbaycanın ordusu olmayıb. Moskva heç vaxt onun paytaxtı olmayıb. Şimaldan da heç vaxt Azərbaycana isti külək əsməyib.  1918-20-ci illərdə mövcud olan hökumət Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının müstəqil dövləti olub və müsəlman şərqində ilk respublika olub.  1920-ci ilin aprelindən sonra müstəqil Azərbaycan dövləti devrildi. Minlərlə, on minlərlə Azərbaycanlı 1920-30-cu illərdə repressiya edildi. Sovet ordusu Azərbaycanın var dövlətini taladı və onun üzərində əl qoydu. Azərbaycanın ərazisi olsa da, Azərbaycan öz ərazisinin sahibi olmadı. 20 Yanvar faciədir, qırğındır. Yüzlərlə azərbaycanlının qanı töküldü. Bu tarix öyrətdi ki, 70 il ərzində yaşayan dövlət totalitar ədalətsiz bir rejimdir.  1939-45-ci illərdə Azərbaycan nefti olmasaydı, sovet dövləti qalib gələ bilməzdi. 1985-ci ildə Qarbaçov hakimiyyətə gəldi və onun üçün ən qorxulu şəxsiyyət, savadına qibtə etmək əvəzinə qısqandığı bir şəxsiyyət Heydər Əliyev idi”. 

Professor əlavə edib ki, azadlıqdan, demokratiyadan danışan ordu xalqı gülləboran etdi:

“Xalqı küçələrə çıxmağa belə qoymadı. Bir sözlə, Azərbaycan xalqının kinolarda gördüklərini Sovet ordusu Azərbaycan xalqının başına gətirdi. Təbii ki, 20 Yanvar həm də Azərbaycan xalqını başa saldı ki, xalq və iqtidar birliyi olmasa, xalq uğur qazana bilməz. O zaman Azərbaycan rəhbərliyi ilə Azərbaycan xalqının maraqları üst-üstə düşmürdü. Azərbaycan rəhbərliyi bütün ümidini Moskvaya bağlamışdı. Azərbaycanın demokratik ziyarları isə başa düşürdülər ki, bu işin başında, Azərbaycan xalqının başına gətirən bu oyunun başında Moskva durur.  20 Yanvar baş verəndən sonra da Azərbaycan hakimiyyəti bunun üzərində çox dayanmaq istəmirdi.  Beləliklə, 20 yanvardan 35 il keçir. Əgər 44 günlük müharibə baş verməsəydi,  Azərbaycan 30 ildən sonra öz tarixi torpalarını qaytarmasaydı, onda biz 20 Yanvar şəhidlərinin qarşısında da günahkar idik. Azərbaycan 44 günlük müharibə ilə düşməni darmadağın etdi, 20 Yanvar şəhidlərin ruhunu yad etdi. 2023-cü ilin sentyabrında antiterror tədbiri ilə Azərbaycan suveren dövlətə çevirməklə torpaq, vətən uğrunda olan bütün şəhidlərin ruhunu şad etdi. Bu gün 20 Yanvar Azərbaycanın tarixində nə qədər ağır bir hadisə olmuş olsa da, ancaq onun qəhrəmanlıq tarixi daha böyükdür. 20 Yanvar şəhidləri azadlığın ilk qaranquşları oldular”.

Leyla Turan
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə azərbaycançılıq ideyasının təbliği istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top