“Görür ki, burada heç nə yoxdur, çıxır gedir Türkiyəyə, Almaniyaya...” — Tanınmış həkim səhiyyədəki problemlərdən danışdı

GÜNDƏM 01 noyabr 2024, 18:38
Milli Məclisin bugünkü plenar iclasında ölkədə səhiyyənin mövcud vəziyyəti dəyərləndirilib. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda tibb sahəsində kadr çatışmazlığının yaşandığını deyib. Komitə sədri vurğulayıb ki, dəfələrlə bu sahədəki kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasındakı problemlər, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməməsi kimi məsələlər səsləndirilib.Əhliman Əmiraslanov onu da qeyd edib ki, kadr çatışmazlığı daha çox rayonlarda yaşanır: “Dörd il əvvəl səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan məbləğ 870 milyon idisə, hazırda bu rəqəm icbari tibbi sığorta ilə birlikdə 3 milyardı keçib. İcbari tibbi sığorta nə qədər faydalı olsa da, burada da problemlər var", - deyə millət vəkili çıxışına əlavə edib. 

Professor Adil Qeybulla səsləndirilən məsələlərə Demokrat.az-a açıqlamasında münasibət bildirərək söyləyib ki, bu gün Azərbaycanda ali tibb təhsili sahəsində baza biliklər verən ali məktəb Azərbaycan Tibb Universitetidir. Tanınmış həkim bu təhsil olacağında son illərdə böyük inkişafın olduğunu bildirib:



“Hər şey təhsildən başlayır. Tibb Universiteti beynəlxalq universitetlərlə əlaqələrin yaradılması, yeni sistemdə müəllimlərin akkreditasiyası, neqativ halların aradan qaldırılması istiqamətində nəticələr ortaya qoyub. Amma rezidentlərin hazırlanması ilə bağlı çox ciddi problem var. Bu problem indiyə qədər öz həllini tapmayıb. Tibb Universitetinin hər iki korpusu hələ ki xəstə qəbulu məsələsinə görə rezidentlərlə məşğul ola bilmir. Bu iki korpus demək olar ki, universitetin dotasiyası ilə fəaliyyət göstərir. İcbari tibbi sığorta bura xəstə göndərmir. Bəs rezidentlər necə hazırlansın? Onlar xəstələrlə təmasda olmalıdırlar, bu vəziyyətə görə klinikadakı həkim heyətinin də peşəkarlığı aşağı düşür”.

Ekspert dəfələrlə bu barədə məsələ qaldırıldığını desə də, nəticənin olmamasından narazıdır:

“Öz tələbələrimiz də burada rezidenturaya daxil olur, amma görür ki, burada heç nə yoxdur, çıxır gedir Türkiyəyə, Almaniyaya. Oradakı mühiti görür və orada qalır. Biz özümüz şərait yaradırıq ki, çıxın gedin. Rezidentlərə xəstə verilmir. TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu məsələ ilə məşğul olmalıdır. Bu, bizim öz kadrlarımıza qarşı məsuliyyətsizlikdir. Bu məsələyə cavabdeh olanlar çıxıb ictimaiyyət qarşısında cavab verməlidirlər. Hər kəs istəyər ki, öz təhsili ilə öz ölkəsinə, xalqına töhfə versin. 
Bu məsələ çox aktuallaşıb. İxtisarlar gedir Tədris Cərrahiyyə Korpusunda, Terapiya Korpusu demək olar ki, boşalmaq üzrədir. Ali məktəblər publik hüquqi şəxsə çevrilib, öz hesablarına yaşayır. Milli Məclisdə məsələ haqlı olaraq qaldırılıb, amm tam qaldırılmalıdır, rezidentlərlə bağlı məsələ gündəmə gəlməlidir. Vəziyyət o qədər ciddiləşib ki, artıq bizim genefondumuzu təhdid edir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top