Bu tarixdə Bakıda pulsuz internet ola bilər — AÇIQLAMA

İKT 21 oktyabr 2025, 16:58
“Azərbaycanda internetin qiyməti və keyfiyyəti məsələsi son illərdə ictimai müzakirələrin əsas mövzularından biridir. Bəzi ölkələrdə dövlət rəqəmsal inkişafı prioritet elan edib və internetə çıxışı insan hüququ kimi tanıyıb. Bu ölkələrdə hökumət infrastrukturun qurulmasını öz üzərinə götürür, nəticədə qiymətlər aşağı düşür”. 

Bunu Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Həsən Qurbanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da texnoloji baxımdan ölkə üzrə pulsuz və ya çox ucuz internet təmin etmək mümkündür:

“Lakin bunun üçün həm güclü infrastruktur, həm də rəqabətli bazar mühiti lazımdır. Hazırda ölkədə əsas internet infrastrukturuna bir neçə iri provayder nəzarət edir. Bu, bazarda rəqabətin məhdudlaşmasına və qiymətlərin süni şəkildə yüksək qalmasına səbəb olur. 

Mobil operatorların xidmət səviyyəsi son illər nisbətən yaxşılaşıb, amma hələ də Avropa standartlarından geri qalır. 

Xüsusilə, regionlarda internetin sürəti və stabilliyi aşağıdır. İnternetin baha olmasının əsas səbəbləri arasında infrastruktur xərcləri, avadanlıqların idxal asılılığı və valyuta riski dayanır. Bundan başqa, provayderlər arasında koordinasiya və birgə infrastruktur istifadəsi mexanizmləri yetərincə işləməyib”.

Mütəxəssis qeyd edib ki, dövlət bu sahədə rəqabəti stimullaşdırsa və yerli istehsalı dəstəkləsə, qiymətlər əhəmiyyətli dərəcədə enə bilər:

“Bakıdakı keçmiş pulsuz “Wi-Fi” layihələri də göstərdi ki, texniki cəhətdən bu mümkündür. Sadəcə, uzunmüddətli və davamlı idarəetmə mexanizmi formalaşdırılmayıb. 

Rəqəmsal iqtisadiyyatın inkişafı üçün gələcəkdə bu istiqamətdə daha sistemli addımlar atılmalıdır. Bakıda yaxın illərdə tamamilə pulsuz internetin tətbiqi real görünmür, amma mərhələli şəkildə mümkündür. 2030-cu illərə doğru Bakıda məhdud sürətli, lakin pulsuz ictimai internetin geniş yayılması ehtimalı var”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 18:34
Top