Taksi sürücüsündən məktəbliyə qarşı qeyri-etik hərəkət: Psixoloji testlər aparılmalıdır

SOSİAL 21 oktyabr 2025, 17:12
"Cəmiyyətimizdə azyaşlılara qarşı qeyri-etik hərəkətlərin çox olduğunu demək düzgün olmazdı. Ümumilikdə, Azərbaycan cəmiyyətində etik davranış normalarına riayət edən insanların sayı çoxdur və bu baxımdan cəmiyyətimiz bir çox ölkələrlə müqayisədə daha sağlamdır. Lakin təəssüf ki, zaman-zaman neqativ hallara da rast gəlinir".

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

O deyib ki, hər bir peşə fəaliyyətinin öz etik qaydaları və normaları mövcuddur:

"Xüsusilə insanlarla, kollektivlərlə və geniş auditoriyalarla işləyən peşə sahibləri üçün bu normalara əməl etmək vacibdir. Belə peşə sahələrinə taksi sürücüləri də daxildir. Onların fəaliyyəti fərdi olsa da, daim cəmiyyətlə, insanlarla təmasdadır. Buna görə də bu sahədə çalışan şəxslərin etik davranışı, psixoloji vəziyyəti və peşə hazırlığı mütəmadi olaraq yoxlanılmalıdır".

Sosioloq bildirib ki, müasir dövrdə bu cür yoxlamalar və marifləndirici testlər onlayn platformalar vasitəsilə həyata keçirilə bilər:

"Taksi fəaliyyəti göstərən şirkətlər sosioloq və psixoloqlarla əməkdaşlıq etməli, mütəmadi olaraq sorğular, təhlillər və marifləndirici tədbirlər təşkil etməlidirlər. Eyni zamanda, bu şirkətlərin institusional şəkildə fəaliyyət göstərməsi, yəni sosial institutlarla əməkdaşlıq əlaqələrinin yaradılması vacibdir. Belə yanaşma sürücülərin psixoloji vəziyyətinin izlənməsinə, etik davranış qaydalarına əməl olunmasına və müştəri məmnunluğunun artırılmasına xidmət edəcək".

Ekspertin sözlərinə görə, geniş auditoriya ilə işləyən fərdi sahibkarlar, xüsusilə sürücülər üçün mütəmadi marifləndirici sorğuların və psixoloji testlərin aparılması vacibdir:

"Bu proses hətta ayda bir dəfə deyil, hər həftə həyata keçirilsə, həm cəmiyyətin təhlükəsizliyi, həm də xidmətin keyfiyyəti baxımından daha səmərəli olar".

Qeyd edək ki, Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 18:34
Top