Yırtıcıların yaşayış yerlərinə hücumları artır: İnsanlar bu fəaliyyətdən əl çəkməlidir

SOSİAL 21 oktyabr 2025, 16:22
"Son vaxtlar yırtıcı heyvanların, çakal, canavar və xüsusilə ayıların yaşayış məntəqələrinə yaxınlaşması halları artmaqdadır. Bunun əsas səbəbi onların təbii yaşayış yerlərinin daralması və keyfiyyətcə pisləşməsidir".

Bunu Demokrat.az-a açıqlamasında “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov deyib.

O bildirib ki, hər bir heyvanın öz təbii yaşayış yeri və biotopu var: 

"Ayılar üçün meşələr, çakallar və canavarlar üçün meşə və çöllük ərazilər lazımdır. İnsan fəaliyyəti nəticəsində bu yerlər müxtəlif məqsədlərlə istifadə olunur və heyvanlar öz təbii məkanlarından sıxışdırılır. 

Bitki örtüyünün dəyişməsi və digər heyvan növlərinin azalması yırtıcıların yem ehtiyatını azaldır, nəticədə onlar yeni qida mənbələri axtarmağa, bəzən insan yaşayış yerlərinə yaxınlaşmağa başlayırlar".

Onun sözlərinə görə, kənd və dağ yerlərində kənd təsərrüfatı fəaliyyəti, meşəyə müdaxilələr və tullantılar heyvanları insan məskənlərinə yaxınlaşdırır:

"Bu səbəbdən insanlar yırtıcı heyvanlarla daha yaxın məsafədə qarşılaşırlar. Yırtıcı heyvanların yaşayış məntəqələrinə yaxınlaşması hallarını azaltmaq və təhlükəsizliyi təmin etmək məqsədilə sakinlərə bir neçə vacib tövsiyə verilir. 

Kənd ətrafında zibil və məişət tullantıları düzgün idarə olunmalı, heyvanların yaxınlaşdığı yerlərdə mal‑qara və tövlələr qorunmalıdır. Həmçinin, səs siqnalları vasitəsilə heyvanları uzaqlaşdırmaq mümkündür. Bunun üçün boş konserv qablardan, küləkdən səs çıxaran digər vasitələrdən istifadə edilə bilər".

Zooloq bildirib ki, yırtıcı heyvanların insan məskənlərinə yaxınlaşması məqsədli deyil:

"İnsan fəaliyyəti onları təbii yaşayış yerlərindən çıxarıb kənd və şəhər ərazilərinə gətirir. Ona görə də, həm heyvanların qorunması, həm də insanların təhlükəsizliyinin təmin edilməsi dövlətin və vətəndaşların əsas vəzifələrindən biridir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top