Professor: “Ən böyük vəzifəmiz Aşıq Ələsgərin yurdunu azad etməkdir”

MƏDƏNİYYƏT 02 oktyabr 2024, 15:30
Bakıda görkəmli el sənətkarı Aşıq Ələsgərin heykəlinin açılışı olub. Açılışdan sonra heykəlin yayılan fotoları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi insanlar Aşıq Ələsgərə bu cür heykəlin qoyulmasını tənqid edib və onun obrazının belə təsvir olunmasını, eyni zamanda sazı tutma tərzini və daha balaca təsəvvür edildiyini bildiriblər.

Məsələ ilə bağlı Azərbaycanda Atatürk Mərkəzinin direktoru, sabiq deputat, professor Nizami Cəfərov Demokrat.az-a açıqlamasında bu tənqidlərlə razılaşmayıb. 

O bildirib ki, bir çox xalqlarda epos təfəkkürü olduğu üçün hər zaman belə miqyaslı düşünmə tərzi var:

“Yəni öz qəhrəmanlarını nəhəng təsəvvür etmək xarakteri var. Bizim Aşıq Ələsgər haqqında da təsəvvürümüz belədir. 

Biz düşünürük ki, Aşıq Ələsgər həddinən artıq boylu-buxunlu şəxs olub. Bəlkə də elə olub, bunu deyə bilmərik. Aşıq Ələsgər 100 ildən çox yaşayıb. Belə bir təsəvvürlər var. İndi həmin təsəvvür bəzən təkzib olunur ki, Aşıq Ələsgər o qədər yaşamayıb və s.  Amma bizim təsəvvürümüz belədir ki, çox yaşayıb. Çünki Aşıq Ələsgər də Dədə Qorqud kimidir. Necə ki, Dədə Qorqud 1000 il yaşayıb, Aşıq Ələsgər də 100 il yaşaya bilər. Yəni bunlar hamısı epos dəyərindən, miqyaslı qiymətdən yaranıb.  

Aşıq Ələsgərin heykəlini böyükdə qoymaq olar, kiçik də. Bu onun şəxsiyyətinə və böyüklüyünə ziyan gətirmir. Heykəllər qoyularkən onun yeri, relyefi nəzərə alınır. Ola bilsin ki, gələcəkdə Aşıq Ələsgərə daha böyük bir heykəl qoyula bilər. Amma o qədər də estetik görünməz. Bu Aşıq Ələsgərin Göyçədəki qəbirüstü abidəsi, Qazaxda qoyulan heykəli, sonra daha peşakar 3-cü abidəsidir. Bu abidə kifayət qədər səviyyəli, gözəl və dəyərli abidədir. Abidə müzakirə oluna bilər, qoy, olunsun.  Bu gün dünyada heç bir şey müzakirəsiz qəbul olunmur. Amma o heykəlin dəyərinə söz ola bilməz. Gözəl abidədir və elə bilirəm ki, Azərbaycan Prezidentinin də bu abidə önündə söylədiyi sözlər tarixi sözlərdir. 

Əsas odur ki, Aşıq Ələsgərin məzarı haradırsa, ora bizim vətənimizdir. Biz Aşıq Ələsgərin harda heykəllərini qoysaq da, onu böyük şəxsiyyət kimi xatırlasaq da, ən böyük, ən tarixi gələcək vəzifəmiz Aşıq Ələsgərin yurdunu azad etməkdir. Ora bizim yurdumuzdur”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top