70 yaşlı anasını döyən oğul: “Anamın ayaqlarına düşəcəm...”

KRİMİNAL 03 sentyabr 2024, 13:53
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 1975-ci il təvəllüdlü Vaqif ailə mübahisəsi zəminində yaranan mübahisə zamanı anası Fatmiyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 21-də Babək rayonunun kəndlərindən birində baş verib. Vaqif 70 yaşlı anası Fatiməni yaşadığı evdə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Vaqifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü qonşusu Mehdinin qızının toyuna gedib: “Toyda spirtli içki qəbul etdim. Üzərimdə cəmi 20 manat pul olub. Həmin pulu da toya yazdırdım, təqribən günorta saat 4 radələrində evə gəldim. Sərxoş olduğum üçün əvvəlcə həyətdə hamamın yanında olan çarpayıda uzandım. Daha sonra evə keçdim. Bu vaxt anam Fatimə mənə “ayağından qoxu gəlir, get ayağını yu” dedi. Ona dincəldikdən sonra yuyacağımı bildirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra anası deyinməyə başlayıb: “Anam mənə “sənin tayların uşaqlarına toy edir” dedi. Mən isə ona bildirdim ki, nə edim qurumsağın qızı? 150 manata necə evlənim?. Daha sonra çay süzmək üçün mətbəxə keçdim. Bu zaman anam mənə “mətbəxə girmə, sən qaza pul vermirsən” dedi. Özüm həqiqətən də 2 aydır ki, evin qazına və işığına pul verməmişəm. Buna görə də anam mənimlə mübahisə yaratdı”. 

Vaqif bildirib ki, hərbi xidmətdən sonra bir gözü tutulub: “Buna görə 3-cü qrup əlil olmuşam. Anam mənə “kor” dedi. Onun bu sözünə əsəbləşərək “mənə kor demə, hamının dilinə düşüb” söylədim. Bundan sonra anam dedi ki, sənin kor gözünə belə edim. Mən də ona dədəvin gözünə...” deyə cavab qaytardım. Bundan sonra anam pol ağacını götürərək üzərimə gəldi. Özümü müdafiə üçün pol ağacını ondan alaraq qırdım. Bu zaman həmin ağac anamın qolunu cızdı. Özüm anamı döyməmişəm. 3 ildir ki, spirtli içki qəbul edirəm. Anam ilə əvvəllər münasibətimiz yaxşı olub. Anam mənim paltarlarımı yuyub-təmizləyib. Lazım olarsa özüm anamın ayaqlarına düşəcəm, ondan üzürxaxlıq edəcəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fatimənin sözlərinə görə, oğlu Vaqif son zamanlar hər gün spirtli içki içib və evdə narahatçılıq yaradıb: “Özüm həyətdən butulka yığmaqdan yorulmuşam. Əlli ildir ki, onun nökəri olmuşam. Oğlumun toyda spirtli içki içərək evə gəlməsi ilə bağlı bildirdikləri yalandır. O, həmin gün toya getməyib. Aprel ayının 22-də, gecə saat 12-ə qalmış Vaqif evə sərxoş gəldi, həyətdə ucadan səs-küy saldı, ağıza alımaz sözlər işlətdi. Qonşular eşitməsin deyə onu evə qatmaq istədim. Onun yaxasından yapışaraq “evə girəssən” dedim. Vaqif isə evə girmək istəmədi. Həmin vaxt digər oğlum Mahir də orada olub. Ondan Vaqifi içəri qatmaqda mənə kömək etməsini istədim. Sonra Mahirlə birlikdə Vaqifi evə salmağa çalışdıq. Əvvələdən evi pas-pas ilə silmişdim, buna görə onu evdə yerə qoymuşdum. Vaqif paspasın plastik dəstəyini götürdü. Dəstəyi Vaqifdən almaq istədim. Vaqif isə dəstəyi dizi ilə qırdı və mənə “məni ötürməyəcəksən?” dedi. Özüm isə “yox” cavabı verməyimdən sonra paspasın dəstəyi ilə qolumdan vurdu. Həmçinin həmin vaxt yumruqla boynumdan da  vurdu. Bu vaxt spazma keçirdim. Mən Vaqifə uşaq kimi qulluq etmişəm. Onun spirtli içki içərək məni narahat etməsindən bezmişəm. Vaqif spirtli içki içməyəcəyi, məni narahat etməyəcəyini dediyindən onu bağışlamışam”.

Bu cinayət işinə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Qanunvericiliyə görə, iş üzrə şikayətçi olmadığı halda təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarılmır. Bu səbəbdən Vaqifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top