“Gələcəyin mediası tam başqa istiqamətdə inkişaf edəcək” — Media eksperti

MEDİA 22 iyul 2024, 14:14
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Hazırda xalqımızın milli dirçəlişi üçün Həsən bəy Zərdabinin XIX əsrin sonlarına yaxın əsasını qoyduğu "Əkinçi" qəzetinin ənənələrini yaşadan bir sıra mətbuat orqanları meydana gəlib. Demokratiyanın, azadlığın, ictimai rəyin formalaşmasında fəal iştirak edən mətbuatımız cəmiyyətin inkişafına ciddi xidmət edir. Azərbaycan mediası müasir dünyanın tələbinə uyğun olaraq daim inkişaf edir. 

Bəs, hazırda Azərbaycan jurnalistikası və mətbuatımızın inkişafı hansı səviyyədədir və hansı yeniliklərin tətbiqinə ehtiyac var?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, gələcəyin mediası tam başqa istiqamətdə inkişaf edəcək: 

“Gənclərlə çalışan bir təlimçi kimi xeyli sayda istedadlı jurnalistin olduğunu görürəm. Həm savadlı, həm düşüncə qabiliyyəti yerində olan, həm də psixoloji durumu ilə seçilən şəxslərlə daim qarşılaşıram. Bu texnoloji baxımdan daha yaxşı hazırlıqlı, anadan olandan gözünü internetlə açan bir nəsil yetişib. Azərbaycan jurnalistikasının inkişafı onlara bağlıdır. Gənclərin sadəcə almaz kimi “cilalanmağa” ehtiyacı var. 

Mətbuatdakı yeniliklər bizdən asılı olmayaraq bir texnoloji dalğa ilə gəlir. Düşünürəm, gələcəyin əsas çətinliyi süni intellektlə bağlı olacaq. Əgər yeni nəsil bu texnologiyanı cilovlaya bilməsə, rəqabətə davamlı olmasa, deməli intellektual deqradasiya qaçılmaz olacaq. Təlimlərdə bu barədə daim danışırıq. Yeni jurnalistika xeyli fərqli bir istiqamətə yönələcək”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 16:37
Top