47 yaşlı kişi arvadını kəmərlə döydü — TƏFƏRRÜAT

KRİMİNAL 08 iyl 2024, 15:55
Bakının Qaradağ rayonunda 1978-cu il təvəllüdlü Mübariz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi nikahda olduğu Nüşabəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mübariz nikahdan kənar birgə yaşadığı Nüşabə ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı Mübariz əynində olan şalvarın üzərindən çıxardığı kəmərlə Nüşabənin baş, sifət və bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü səhər saatlarında yaşadıqları evdə qardaşı ilə telefon danışığı zamanı iş zamanı geyindiyi iş geyimini (kanbinzonu) əyninə balaca olduğu üçün qardaşına verəcəyini bildirib: “Bu zaman Nüşabə mənə yenicə yuyub təmizlədiyi iş paltarını qardaşıma verdiyimə görə etiraz etdi. Bu səbəbdən yaranmış mübahisə zamanı əynimdə olan şalvarın üzərindən kəməri çıxararaq Nüşabənin baş, sifət və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurdum. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Mübarizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top