Masazırda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 03 iyn 2024, 15:00
Abşeron rayonunda 1994-cü il təvəllüdlü Taleh ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ramiləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 16-da Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə baş verib. 

Taleh fərdi yaşayış evində arvadı Ramilənin istifadəsində olan mobil telefon aparatı ilə “Whatsapp” proqramı ilə sosial şəbəkələrə daxil olduğuna görə ilə şifahi irad bildirdikdə, həmin səbəbdən ailədaxili münasibətlər zəminində aralarında yaranmış mübahisə əsasında onun üzərinə hücum edib. Onu qəsdən əl, yumruq zərbələri ilə sifət və baş, təpik zərbələri ilə isə qarın və bədənin müxtəlif nahiyələrinə ardıcıl vurub. 

Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ramilə ilə 2015-ci ildə ailə həyatı qurub, birgə nikahdan 2 azyaşlı övladı var: “Yanvarın 16-da, saat 11 radələrində yaşadığım evdə olarkən Ramilənin istifadə etdiyi mobil telefonunda “Whatsapp” proqramı ilə statuslara baxdığı üçün bu səbəbdən onu qısqanaraq aramızda sözlə mübahisələrimiz yarandı. Baş vermiş mübahisə zamanı əsəbiləşərək Ramilənin sifət və baş nahiyələrinə yumruq vuraraq onu döydüm. Bundan sonra Ramilə baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin “102 Zəng xidmətinə” məlumat verdi”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Talehin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top