Sumqayıtda ər arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 22 may 2024, 13:18
Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Rəvan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naziləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 24-də baş verib. 

Rəvan yaşadıqları evin həyətində arvadı Nazilədən səhər yeməyi hazırlamasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə onun baş nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, həyat yoldaşı Nazilə ilə 2009-cu ildə ailə həyatı qurub: 

“Buna baxmayaraq rəsmi nikahımız 2011-ci ildə qeydə alınıb. Birgə nikahmızdan iki övladımız dünyaya gəlib. Birlikdə yaşadığımız müddətdə Nazilə ilə münasibətlərimiz normal olub. Aramızda hər hansı ədavət və ya pis münasibətlər olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 09:30-da yuxudan ayıldıqdan sonra ona səhər yeməyi veməsi üçün həyat yoldaşı Naziləni axtarmağa başlayıb: 

“Ancaq Nazilənin evdə olmadığını gördüm. Bundan sonra həyətə çıxdıqda Nazilənin yaşadığımız evin həyətindəki üzüm ağaclarının aşağı hissələrini budayaraq təmizlədiyini gördüm. Bundan sonra ona irad bildirdim, hələ ağacların budanmasının vaxtı olmadığını dedim. Mənə səhər yeməyi verməsini tələb etdim. Nazilə isə işini qurtarıb gələcəyini bildirdi. Bundan sonra onun cavabından əsəbləşdim. 

Nazilənin üstünə gedərək ondan evə gəlib, ona səhər yeməyi verməsini təkrar tələb etdim. Nazilə isə ondan uzaq durmağımı tələb etdiyindən aramızda mübahisə yarandı. Nazilənin hərəkətlərindən əsəbləşdiyimdən əlim ilə onun üz nahiyyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum”. 

Təqsirləndirilən şəxs deyib ki, Nazilə hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib: 

“Mən isə yaşadığımız evin həyətini tərk edərək getdim. Nazilədən şikayət etməməsini tələb etsəm də, buna əhəmiyyət vermədi. Aradan bir qədər vaxt keçdikdən sonra izahatımın alınması üçün Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət olundum. Etdiyim əməldən səmimi olaraq peşmanam. Gələcəkdə eyni hərəkətlərə yol verməyəcəyimə söz verirəm”. 

İş üzrə zərərçəkmiş Nazilənin sözlərinə görə, həyat yoldaşı Rəvanla 14 il əvvəl ailə həyatı qurub, birgə nikahlarından iki övladları dünyaya gəlib: 

“Birlikdə yaşadığımız müddətdə Rəvan ilə aramızda xırda ailə daxili münaqişələr olub. Sonuncu dəfə saat 09:30-da yaşadığımız evin həyətindəki üzüm ağaclarının aşağı hissələrini kəsib təmizləyərkən Rəvan yanıma gəldi. Uca səslə mənə ağacların hələ budanması vaxtının olmadığını bildirdi. Bunun əvəzinə ona səhər yeməyi verməyimi tələb etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Rəvandan məndən uzaq durmağımı tələb etsəm də, əksinə Rəvan üzərimə cumaraq əl zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydü, bədən xəsarətləri yetirdi. İlk dəfə belə bir halla rastlaşdığımdan nə edəcəyimi bilmədim. Bundan sonra isə zəng vurub hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Rəvan isə bunu görərək məndən uzaqlaşdı, şikayətimin olmamasını bildirməyimi tələb etdi. Aradan bir qədər keçmiş yaşadığımız ünvana polis əməkdaşları gəldi. Bundan sonra həyat yoldaşım Rəvanın məni döyüb bədən xəsarəti yetirməsi səbəbindən şikayət ərizəsi yazaraq onun barəsində qanuni tədbir görülməsini xahiş etdim. Daha sonra isə hər ikimizin izahatlarımızın alınması üçün polis bölməsinə dəvət edildik”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rəvanın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top