Baldız və gəlin arasında dava — TƏFƏRRÜAT

KRİMİNAL 01 mar 2024, 14:41
Biləsuvar rayonunda 1986-cı il təvəllüdlü Sevda şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Bahara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 25-də Biləsuvar rayonunun Ovçubərə kəndində baş verib. Sevda qardaşı arvadı Baharla yaşadığı evin qarşısında sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni zərərçəkmiş şəxsin ondan ailə münasibətlərinə qarışmamasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlində olan plastik vedrə ilə baş nahiyəsinə bir dəfə, sifər nahiyəsinə bir neçə dəfə şillə ilə vurub. 

Hadisəni törədən Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birgə Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayır və heç bir yerdə rəsmi olaraq işləmir: “Bahar mənim qardaşımın arvadıdır və biz qonşuyuq. Bahar ilə aramızda olan münasibətlər qardaşım ilə həmin şəxs evləndiyi vaxtdan hazırki tarixə qədər normal olmayıb.Bizim aramızda tez-tez münaqişələr baş verib. Sonuncu dəfə noyabrın 25-də, saat 9 radələrində su doldurmaq məqsədi ilə özüm ilə plastik verdə götürərək, Baharın yaşadığı evin qarşısında olan su bulağına getdim. Bulağa çatdığım zamanı orada Baharın olduğunu gördüm. Həmin vaxt Bahar barəmdə nalayiq ifadələr işlətdi, əri ilə aralarında baş vermiş münaqişələrin səbəbkarının mən olduğumu bildirdi, məni təhqir etdi. Bundan sonra isə Bahar üzərimə hücum etdi. Mən də Baharın baş nahiyəsinə əlimdə olan plastik vedrə ilə zərbə vurdum. Həmin vaxt mənim ərim hadisə yerinə gələrək, bizi ayırdı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən sonra etdiyi əməldən səmimi peşmanlıq hissi keçirib, buna görə də zərərçəkmiş Bahardan üzr istəyib və ona dəymiş ziyanı aradan qaldırıb, onunla barışığa nail olub.

İş üzrə zərərçəkmiş Baharın sözlərinə görə, baldızı Sevda ilə arasında mübahisələr normal olmayıb və tez-tez aralarında münaqişələr baş verib: “Noyabrın 25-də, saat 9 radələrində yaşadığım evin qarşısında yerləşən bulaqdan su götürdüyüm zaman Sevda əri ilə bulağa tərəf gəldiklərini gördüm. Sevda bulaqdan su götürdüyü vaxt ondan mənimlə ərim arasında olan münasibətlərə müdaxilə etməməsini xahiş etdim. Bundan sonra Sevda əsəbləşdi və ünvanıma nalayiq ifadələr işlətdi. Daha sonra isə Sevda üzərimə hücum edərək, əlində olan vedrəni baş nahiyəmə vurdu. Həmçinin üz nahiyəmə şillə ilə, ayaq nahiyəmə isə təpiklə zərbələr endirdi. Bundan sonra isə Sevdanın əri bizi ayırdı. Mən öz evimə getdim. Evimə çatdıqdan sonra hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verdim. Lakin sonradan Sevda məndən üzr istədi. Mənə dəymiş ziyanı aradan qaldırdı və mənimlə barışığa nail oldu”.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sevdanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top