Qayınata ilə kürəkən arasında qanlı dava — TƏFƏRRÜAT

KRİMİNAL 22 may 2023, 15:02
Neftçala rayonunda 1974-cü il təvəllüdlü Salman ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı kürəkəni Muxtara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 30-da Neftçala rayonunun Mürsəqulu kəndində baş verib. 

Salman evində kürəkəni Muxtar ilə şəxsi münasibətlər zəminində mübahisə edib və ona  bıçaqla bir neçə dəfə qəsdən vurub. 

İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsi ilə birlikdə yaşayır və zərərçəkmiş Muxtar onun kürəkənidir: “Muxtar qızım Günel ilə ailə qurub. Muxtar qızımla yola getmədikləri üçün bir neçə dəfə evimə gətirmişəm. Günel bir müddət biz də qaldıqdan sonra Muxtarla barışaraq yenidən öz evinə getdib. Onların arasında münaqişə yenə də davam edib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Muxtar sonuncu dəfə iyulun 16-da yaşadıqları evdə qızı Güneli döyüb: 

“Ona görə də iyulun 25-də Günel Muxtarın barəsində Neftçala rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdi. Müraciəti əsasında Neftçala rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparıldı. Araşdırma zamanı Muxtarla Günel barışsalar da, həmin vaxtdan qızım uşaqları ilə birlikdə mənim himayəmdə qalırlar”. 

Salman deyib ki, iyulun 30-da, saat 19.50-də yaşadığı evə gəlibm və Muxtarın onlarda olduğunu görüb: “Həmin vaxt Muxtara evimi tərk etməsini bildirdim. Onu evimdən qovdum. Gübeli döydüyü üçün onu evimdə görmək istəmirdim. Həmin vaxt Muxtar evdən çıxmayacağını bildirdi, uşaqlarını görmək üçün gəldiyini söylədi. Buna görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı Muxtarın üzərinə yeriyərək sinəsindən itələdim, evimdən bayıra çıxardım. Muxtar da oradan çıxaraq idarə etdiyi “Niva” markalı avtomaşına əyləşdi, oradan uzaqlaşdı. Sonra isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Muxtarın yaşadığım ünvana gələrək münaqişə yaratması barədə məlumat verdim. Muxtarın ibtidai istintaqda bildirdikləri mənə qarşı yalan və böhtandır. Aramızda baş vermiş mübahisə zamanı mətbəxə keçərək əlimə bıçağı götürməmişəm, Muxtara xəsarət yetirməmişəm”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Muxtarın sözlərinə görə, xalası qızı Günellə 2018-ci ildə ailə qurub: “Həmin vaxtdan qayınatam Salman bizim  şəxsi həyatımıza müdaxilələr edib, hər şeyə qarışıb. Buna görə Günellə mütəmadi münaqişələrimiz olub. Mübahisələrimizin birində Günel barəmdə Neftçala rayon polis şöbəsinə şikayət etdi. Günelin şikayət ərizəsi əsasında Neftçala rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparıldı. Həmin vaxtdan da Gübel övladlarımı da götürərək atası Salmanın evinə getdi. Günel mənə övladlarımı göstərmək istəsə də, Salman ona hər dəfə mane olub”. 

Zərərçəkmiş qeyd edib ki, iyulun 30-da, saat 19.30-da Salmanın evinə uşaqlarını görmək məqsədilə gedib: “Evə keçdikdə Salmanın evdə olmadığını gördüm. Buna görə də uşaqlarla evdə əyləşərək söhbət etməyə başladım. Bir neçə dəqiqədən sonra Muxtarın evə gəldiyini gördüm. Muxtar məni evdə gördükdən sonra mübahisə etməyə başladı. Məni evdən bayıra qovduqda, ona uşaqlarımı görmək üçün gəldiyimi bildirdim. Bu zaman Salman mətbəxdən bıçaq götürərək əsəbi halda üzərimə yeridi. Bıçaqla mənə bir neçə dəfə zərbələr endirdi. Həmin vaxt özümü müdafiə etmək məqsədilə qollarımı qaldırdım. Mdafiə olunarkən Salman hər iki qol nahiyəmi bıçaqla bir neçə yerdən kəsərək xəsarət yetirdi. Sonra isə həyətdən bayıra çıxaraq özümə məxsus idarə etdiyim “Niva” markalı avtomobilə əyləşdim, öz evimə getdim. Həmin vaxt evdə olan qardaşım mənə kömək etdi, qolumu sarıdı. Daha sonra Neftçala rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etdim”. 

Bu cinayət işinə Neftçala rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Salman 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top