"Füzulinin azad edilməsi müharibədə dönüş nöqtələrindən hesab edilə bilər" —Deputatdan AÇIQLAMA

GÜNDƏM 17 oktyabr 2025, 19:56
"Füzulinin işğaldan azad olunması bir neçə ciddi səbəbə görə böyük əhəmiyyət kəsb edirdi. Birincisi, Füzulinin coğrafi yerləşməsi və yol infrastrukturunun kəsişdiyi nöqtə olması idi. Şəhərin işğaldan azad olunması ilə bir sıra istiqamətlərdə döyüş əməliyyatlarının uğurla aparılması üçün mühüm yol çıxışları ələ keçirildi".

Bunu Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib.

Deputat bildirib ki, Cəbrayıl–Zəngilan istiqamətlərinə baxdıqda, burada Qubadlı, Laçın və digər istiqamətlərə çıxışın təmin edilməsi də strateji əhəmiyyət daşıyırdı:

"Füzulinin azad edilməsi ilə Azərbaycan üçün taktiki və logistika baxımından böyük üstünlük yaranmış oldu. Buna görə də bu istiqamətdə şiddətli döyüşlər oldu və Ermənistan Silahlı Qüvvələri böyük itkilər verdi".

O, bildirib ki, həmin yol infrastrukturunun nəzarətə alınması həm strateji baxımdan geniş ərazinin vizual və əməli idarəsinə imkan verdi, həm də növbəti hərbi əməliyyatlar üçün vacib üstünlük yaratdı:

"Bu səbəbdən Füzuli uğrunda gedən ağır döyüşlər Azərbaycan komandanlığının müəyyən etdiyi taktiki gedişlərin təsdiqi oldu və nəticədə uğurlar əldə edildi. 
Psixoloji-mənəvi baxımdan da Füzulinin azad olunması mühüm hadisə idi. 44 günlük Vətən Müharibəsində bu, dönüş nöqtələrindən biri hesab edilə bilər. Bu hadisədən sonra düşmən bir neçə istiqamətdə mövqelərini itirdi və Füzuli uğrunda əldə edilən uğur ümumi döyüş səhnəsinə təsir göstərdi. Müharibədən sonra orada ilk hava limanının açılması da həmin ərazinin yol infrastrukturu və strateji xəritədəki əhəmiyyətini bir daha göstərdi".

Onun sözlərinə görə, indi aparılan tikinti və bərpa işləri, xüsusilə Füzuli üzərindən həyata keçirilən logistika əməliyyatları bu ərazinin strateji rolunu daha da artırır:

"Ümumilikdə, Füzulinin azad olunması həm hərbi, həm də iqtisadi-strateji baxımdan ölkə üçün böyük əhəmiyyətə malikdir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top