Azərbaycan XİN: Ermənistanı bir daha revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq

SİYASƏT 19 mar 2023, 17:22

“Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq”.

Demokrat.az-ın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına cavabında əksini tapıb.

Qeyd edilib ki, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışının Üçtərəfli bəyanatın “pozuntusu” və “qanunsuz məskunlaşma” kimi qələmə verməsi riyakarlığın növbəti açıq təzahürüdür: “Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir. Bu bəyanat eyni zamanda, azərbaycanlılara qarşı onilliklər ərzində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirmiş monoetnik dövlət olan Ermənistanın nəinki öz ərazisindən, hətta Yaxın Şərq ölkələrindən erməniləri işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırmaqla güddüyü mənfur məqsədə - saxtakarcasına Azərbaycan ərazilərini “erməniləşdirmək” və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədindən əl çəkmədiyini nümayiş etdirir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top