“Qarabağ təcrübəsi sübut edir ki, ən çətin dövrlərdə belə sülh mümkündür” — Ukrayna səfiri

XARİCİ SİYASƏT 18 oktyabr 2025, 14:11
Tarix çox vaxt müasir dövr üçün ən dəyərli dərs mənbəyinə çevrilir. Bu gün öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edən Ukrayna üçün birinci Qarabağ müharibəsinin və 1994-cü il Bişkek protokolunun təcrübəsi ədalətli və dayanıqlı sülh axtarışında mühüm istiqamət göstərir.

1990-cı illərin birinci Qarabağ müharibəsi minlərlə insanın həyatına son qoydu, yüz minlərlə insanı evlərini tərk etməyə məcbur etdi və regionu uzunmüddətli qeyri-müəyyənlik vəziyyətində saxladı. Zorakılığın dayandırılmasında əsas dönüş nöqtəsi Bişkek protokolunun imzalanması oldu; bu sənəd rəsmi olaraq atəşkəsi təsbit etdi və diplomatik danışıqlara yol açdı.

Bu prosesdə tarixi rolu o dövrdə Azərbaycanın Prezidenti olmuş Heydər Əliyev oynadı. O, Azərbaycanın ümummilli lideri kimi tarixə əbədi həkk olundu. Onun siyasi iradəsi, strateji baxışı və milli maraqları beynəlxalq tərəfdaşlarla uzlaşdırmaq bacarığı aktiv döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynadı. Heydər Əliyev anlayırdı ki, sülh — hətta müvəqqəti olsa belə — sabitliyin, iqtisadiyyatın bərpasının, silahlı qüvvələrin güclənməsinin, beynəlxalq dəstəyin və ictimai etimadın əsas şərtidir. Onun qətiyyəti bütün dünyaya liderliyin və siyasi məsuliyyətin sülh quruculuğu proseslərində nə qədər önəmli olduğunu göstərdi.

Qarabağ təcrübəsi aydın şəkildə nümayiş etdirir ki, sülh öz-özünə yaranmır — o, ardıcıl və diqqətli şəkildə qurulmalıdır. Döyüş əməliyyatlarının dərhal dayandırılması insan həyatını xilas edən və danışıqlara yol açan ilk və ən vacib addımdır. Müdafiə qüvvələrinin gücləndirilməsi və məsuliyyətli liderlik daxili səyləri koordinasiya etməyə, beynəlxalq tərəfdaşları cəlb etməyə, etimad və razılaşmaların icrasına nəzarət mexanizmləri yaratmağa imkan verir.
Bu gün Ukrayna oxşar vəziyyətdədir. Rusiya təcavüzü artıq 11 ildən çoxdur ki, davam edir, tammiqyaslı müharibə isə 3 il 8 aydır sürür. Ukrayna xalqı misilsiz dözüm və iradə nümayiş etdirir, beynəlxalq ictimaiyyət isə mübarizəmizi dəstəkləyir və sülh naminə, təhlükəsizlik təminatlarının yaradılması üçün birgə diplomatik addımlar atmağa hazırdır.

Bu gün Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində mühüm amilə çevrilib. Hər iki dövləti suverenliyini və ərazi bütövlüyünü qorumaq istəyi, eləcə də təhlükəsizlik, enerji, iqtisadiyyat və diplomatiya sahəsində fəal əməkdaşlıq birləşdirir. Bu əməkdaşlıq uzunmüddətli inkişaf üçün etibarlı əsas yaradır. 

Azərbaycan, eləcə də Ukrayna kimi, dövlət müstəqilliyinin qorunması və istənilən sülh prosesinin uğuru üçün beynəlxalq dəstəyin həlledici əhəmiyyətini yaxşı anlayır.
1994-cü ilin may ayında imzalanmış Bişkek protokolu Qarabağ münaqişəsinin dayandırılmasında tarixi addım oldu. Protokol döyüş əməliyyatlarının dərhal dayandırılmasını, ağır texnikanın cəbhə xəttindən uzaqlaşdırılmasını, əsirlərin dəyişdirilməsini və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasını nəzərdə tuturdu. Çətin şəraitdə imzalanan bu sənəd atəşkəsi rəsmiləşdirdi və ölkənin inkişafına yönəlmiş sonrakı strateji addımlar üçün imkan yaratdı. 

Həmin ilin 20 sentyabrında, Heydər Əliyevin liderliyi ilə Bakıda aparıcı beynəlxalq neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə neft və qazın hasilatı və nəqli sahəsinə böyük həcmli investisiyalar cəlb etdi, Azərbaycanın enerji sektorunun bərpası və modernləşdirilməsi üçün əsas yaratdı. Bu hadisələr göstərir ki, diplomatik münaqişə tənzimlənməsi və beynəlxalq əməkdaşlıq yalnız sülh üçün deyil, həm də sabit iqtisadi inkişaf, investisiyaların cəlbi və ölkənin qlobal bazarlara inteqrasiyası üçün zəmin yarada bilər.

Qarabağ təcrübəsi sübut edir ki, ən çətin dövrlərdə belə sülh mümkündür — yetər ki, daxili siyasi iradə, strateji liderlik və fəal beynəlxalq dəstək olsun. Ukrayna üçün bu dərslər son dərəcə önəmlidir: onlar göstərir ki, dayanıqlı və ədalətli sülh müdafiə qüvvələrinin və xalqın cəsarəti, ardıcıl diplomatiya, beynəlxalq dəstək və humanitar, təhlükəsizlik aspektlərinə diqqət sayəsində əldə olunur. Qarabağ təcrübəsini təhlil etdikdə görürük ki, uzun və dağıdıcı münaqişələrdən sonra da siyasi iradə, beynəlxalq dəstək və strateji səviyyədə fəaliyyətlərin koordinasiyası mövcud olduqda sülh mümkündür. Bunun mühüm nümunələrindən biri bu il Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın dəstəyi və birbaşa iştirakı ilə imzalanmış sülh bəyannaməsidir. Bu tarixi hadisə regionun təhlükəsizlik mənzərəsini dəyişdi və göstərdi ki, beynəlxalq vasitəçilik və liderlərin qətiyyəti böhranlı vəziyyətləri sülh və inkişaf üçün real imkana çevirə bilər.

Hər il 18 oktyabrda Azərbaycan Respublikası 1991-ci ildə bərpa olunmuş müstəqilliyinin əlamətdar ildönümünü qeyd edir. Bu müstəqillik ilk dəfə 1918-ci il 28 may tarixində əldə olunmuşdu. 

Bu gün Azərbaycan təkcə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam bərpa etməklə kifayətlənmir, həm də siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində strateji tərəfdaşlarla əməkdaşlığı genişləndirərək regional liderliyini gücləndirir.
Ukrayna bu mühüm tarixi hadisə münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edir, ərazi bütövlüyü və dövlət suverenliyi məsələlərində göstərdiyi ardıcıl dəstəyə və yardıma görə təşəkkürünü bildirir.

Ədalətli sülh — sadəcə müharibənin olmaması deyil, beynəlxalq hüququn bərpası və etibarlı, uzunmüddətli təhlükəsizlik təminatlarının yaradılmasıdır. Qarabağ təcrübəsi, 1994-cü il Bişkek protokolunun və bu il imzalanmış sülh bəyannaməsinin dərsləri göstərir ki, ən çətin və uzunmüddətli hərbi münaqişələrdə belə, siyasi iradə, strateji və məsuliyyətli liderlik, eləcə də beynəlxalq ictimaiyyətin dəstəyi mövcud olduqda davamlı sülhə nail olmaq mümkündür.

Bu kontekstdə Ukrayna ilə Azərbaycan arasındakı tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir: regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf sahələrində birgə səylər hər iki dövlətin gələcək sabitliyi və rifahı üçün etibarlı təməl yaradır.


Yuri Husyev
Ukraynanın Azərbaycandakı səfiri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2025, 15:52
18 oktyabr 2025, 14:00
Top