“Human Rights Watch”dan absurd hesabat: Azərbaycan Qarabağa “təcavüz” edibmiş! — Bakıdan sərt reaksiya

SİYASƏT 14 yan 2023, 11:53
“Azərbaycanda insan hüquqlarının vəziyyəti 2022-ci ildə yaxşılaşmayıb”.

Bu barədə “Human Rights Watch” (HRW) insan hüquqları təşkilatı yanvarın 12-də açıqladığı illik hesabatında bildirir. “Mayda hakimiyyət siyasi motivli və saxta ittihamlarla saxlanmış 20-dən çox şəxsi azad etsə də, azı 30 belə şəxs həbsdə qalır. Hakimiyyət tənqidçilərini və digər narazı səsləri hədəfə almaqdadır”, - deyə hesabatda qeyd edilir.

Qeyd edilir ki, məhdudlaşdırıcı qanunlarla qeyri-hökumət təşkilatlarının (QHT-lər) müstəqil fəaliyyətinə maneələr davam edir. Digər davamlı insan haqları pozuntuları sırasına sistematik işgəncə, saxlanma zamanı pis rəftar iddiaları, media azadlıqlarına məhdudiyyətlər daxildir.

Bundan əlavə, HRW hesabatında 2022-ci ilin iyulunda, Rusiyanın Ukraynaya qarşı işğalının yaratdığı enerji böhranı fonunda Avropa İttifaqının (Aİ) Azərbaycanla enerji sazişi imzalamasını xatırladıb. “Məqsəd ölkənin Avropaya qaz ixracını artırmaq idi. Aİ geniş ikitərəfli razılaşma üzrə danışıqlardan insan haqlarının yaxşılaşdırılmasına təminat almaq üçün yararlanmadı”, - deyə sənəddə vurğulanır.

Ermənipərəst təşkilat hesabatında ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında baş vermiş insidentdən də yazıb. HRW qeyd edib ki, həqiqiliyini təsdiqlədiyi bir videoda azı 7 erməni əsgəri Azərbaycan qüvvələri tərəfindən qanunsuz edam olunub. Azərbaycan həmin videonun araşdırıldığını açıqlamışdı (Ermənilərin azərbaycanlı hərbçilərin meyitlərini təhqir etməsi haqda olan video barədə isə HRW susub! - red.).

“Ermənistan azı 30 erməni hərbi əsirin və üç dinc sakinin 2022-ci ilin oktyabrınadək Azərbaycan əsirliyində olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə bu şəxsləri hərbi əsirlər kimi tanımır, onlara terrorçuluq, qanunsuz silah saxlamaq, sərhədi qanunsuz keçmə, 1990-cı illər müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermə ittihamları irəli sürüb”, - deyə qeyd olunur.

Hesabatda Azərbaycan əleyhinə belə bir həyasızlıq da yer alıb. Sitat: “Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs keçən il Azərbaycanın Dağlıq Qarabağa və Ermənistana təcavüzü ilə bir neçə dəfə pozulub”.

Dünyanın coğrafi xəritəsində “Dağlıq Qarabağ” yer adının olmaması bir qırağa, görəsən Azərbaycan öz suveren ərazisinə necə təcavüz edə bilər? Yoxsa “Dağlıq Qarabağ” BMT üzvü olan ayrıca bir dövlətdir? Azərbaycan heç Ermənistan ərazisinə də girməyib. Nəhayət, torpaqlarımızın 20 faizi 30 il ərzində erməni işğalı altında olanda, 1 milyon köçkün-qaçqının elementar yaşam haqqı pozulanda HRW harda itib-batmışdı, niyə səsi çıxmırdı, insan haqları haqda bağırmırdı?

Hesabatda həmçinin Azərbaycanda insan haqlarının vəziyyətini şərh edərkən siyasi müxalifətin və digər tənqidçilərin təqib olunduğu iddia edilir. Bundan başqa, təşkilatın hesabatında Xural TV-nin rəhbəri Əvəz Zeynallının, vəkil Elçin Sadıqovun həbsləri xatırladılıb. Ermənistan isə az qala “demokratiya beşiyi” və Azərbaycanın təcavüzünü məruz qalan ölkə kimi təqdim olunur.

Çingiz Qənizadə: “Bu, erməni dəyirmanına su tökmək kimi bir şeydir” Yeni  Sabah

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, “Human Rights Watch” təşkilatı Azərbaycanda hər il ölkəmizə qarşı qərəzli hesabatlar hazırlamaqla tanınır: “Beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən, ”Human Rights Watch" təşkilatının bu cür açıqlamalarla çıxış etməsi ilk dəfə deyil. “Amnestry  İnternational”, “Freedom House”  və digər təşkilatlar Azərbaycana qarşı sistematik olaraq qərəzli hesabatlar hazırayıb yayırlar. İkinci Qarabağ savaşı zamanı Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisi məskunlaşan Gəncəyə, Bərdəyə, eləcə də, digər şəhər və rayonlarımıza raketlərdən atəş açılarkən bu təşkilatların səsi çıxmadı. Dəfələrlə müraciət etdikdən sonra “Amnestry İnternational” təşkilatı Bərdəyə öz nümayəndəsini göndərdi və yarımçıq hesabat hazırladı.

“Human Rights Watch” təşkilatının indiki açıqlaması qərəzlidir. Hesabatda bəhs olunan, Azərbaycanda saxlanılan erməni əsirlərinə və mülki şəxslərinə sistematik olaraq ölkəmizdə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri baş çəkir, görüşürlər. Əsirlərin öz ailələri ilə telefon və video görüntü vasitəsilə əlaqə saxlamasına şərait yaradılırsa, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ombudsman Aparatı mütəmadi olaraq onlara baş çəkirlərsə və onların pis rəftara, işgəncəyə məruz qalmaları ilə bağlı hər hansı fakt beynəlxalq təşkilatların özləri tərəfindən qeydə alınmayıbsa, o zaman “Human Rights Watch” təşkilatının bu hesabat materiallarını və məlumatlarını hardan aldığı maraqlıdır. Bir daha bunun qərəzli olduğunu qeyd edirik".

Çingiz Qənizadə deyib ki, Azərbaycanda olan mülki və hərbi əsirlərə qarşı Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar edilir: “Onların heç biri hər hansı işgəncə və alçaldıcı pis rəftara məruz qalmayıb. Bir daha xatırlatmaq istəyirəm ki, 1949-cu ilin 12 avqustunda qəbul olunmuş Cenevrə Konvensiyası 4 əsas konvensiyadan, eləcə də, 1977 və 2005-ci ildə Konvensiyalara əlavə edilmiş iki protokoldan ibarətdir. Azərbaycan da Cenevrə  Konvensiyasının 3-cü və 4-cü Konvensiyalarında hərbi əsirlər və mülki şəxslərin müdafiəsinə aid tələblərə tam əməl edib və konvensiyanın tələblərini Ermənistandan fərqli olaraq tam yerinə yetirir. ”Azərbaycanda hərbi əsirlər var" deyə yenidən bu məsələni qabardan “Human Rights Watch” təşkilatı bilməlidir ki, müharibədən sonrakı dövrdə həbs edilmiş şəxslər terrorçular və təxribatçılar hərbi əsir ola bilməz. 10 noyabr üçtərəfli bəyanatının üzərindən bir neçə gün keçəndən sonra Ermənistan tərəfi 62 terrorçunu Qarabağa göndərib. Onlar heç vaxt hərbi əsir ola bilməz. Onlar cinayətkardırlar və Azərbaycan qanunları ilə məsuliyyət daşıyırlar.

Niyə “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı qərəzlidir?! Çünki onlar müstəqil deyillər. Onları maliyyələşdirən  dövlətlərin, təşkilatın və digər şəxslərin  içərisində Ermənistanı sevən, ona dəstək verən, bununla  da beynəlxalq humanitar hüquqa, insanlığa arxa çevirən, faşizm ideologiyasını, işğalçını dəstəkləyən insanların təsiri nəticəsində belə bir hesabat hazırlayıb. Bu cür qərəzli hesabatlar “Human Rights Watch” təşkilatının özünün imicinə böyük zərbə vurur.

Görəsən, nə üçün Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən 4 minə yaxın itkin düşmüş, taleyi məlum olmayan  şəxslər barəsində “Human Rights Watch” təşkilatı indiyə qədər bir kəlmə də olsun hesabatlarında fikir bildirməyib?! Halbuki çoxsaylı faktlarla sübut olunub ki, bizim itkin düşmüş əsirlərimizə qarşı Ermənistan tərəfindən daima pis rəftar olunmaqla yanaşı, işgəncə verib alçaldıcı şəraitdə saxlamaqla, onlara qarşı Konvensiyanın tələbləri pozulub. Niyə “Human Rights Watch” və digər təşkilatlar uzun illərdir bu cür faktlara qarşı susurlar?! 1994-cü ildə bu təşkilat ermənilərin azərbaycanlı hərbi əsirlərin orqanlarının çıxarılması yolu ilə qətlə yertirilməsinə dair faktlara söykənən hesabat hazırlayıb saytında yerləşdirmişdi. Bu gün həmin hesabat “Human Rights Watch”un saytından yoxa çıxarılıb. Belə bir addım ermənilərin marağına xidmət etmirsə, kimin marağına xidmət edir? Azərbaycana qarşı bunca qərəzli ikinci bir beynəlxalq təşkilat yoxdur".

Çingiz Qənizadə bildirib ki, Azərbaycanın hüquq müdafiə təşkilatları bu hesabatı qətiyyətlə pisləyir: “Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün insan hüquqlarını qoruyan təşkilatlar ”Human Rights Watch" təşkilatının mərkəzi ofisinə etiraz əlaməti olaraq müəyyən məktublar göndərməli, onları ədalətli olmağa, faktlara söykənməyə, tam olaraq peşəkarcasına hazırlanan hesabatların üzərində işləməyə çağırmalıyıq. Azərbaycana qarşı bu cür qərəzli fikirlərdən və fəaliyyətdən əl çəkməyə dəvət etməliyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top